Rəşad Sadıqov: "Karyeramla bağlı yaxın günlərdə qərar verəcəyik" MÜSAHİBƏ

21:00 - 5 May 2019

Azərbaycan Premyer Liqasının 27-ci turunda "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Qarabağ" ardıcıl 6-cı dəfə ölkə çempionu olub.
 
Sportal.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun kapitanı Rəşad Sadıqov fikirlərini bölüşüb. Təcrübəli müdafiəçi çempionluq barədə fikirlərini bölüşüb:
 
- Ötən tur “Neftçi”ylə xal fərqimiz 5 oldu və bu tur çempionluq öz əlimizdə idi. Desəm ki, bu tur çempion olacağımızı gözləyirdim, yalan olar. Ancaq şükürlər olsun ki, 1 tur əvvəl çempion olduq. Çox xoş hisslərdi. “Qarabağ” azarkeşlərini təbrik edirəm. Futbol ictimaiyyətini də təbrik edirəm. İki komanda arasında maraqlı və gərgin mübarizə getdi. Son tura kimi çempionluq yarışı getdi. Hər iki komanda idman prinsiplərinə riayət etdi. Centlmensayağı yarış oldu. Sona yaxın biz daha uğurlu olduq və çempionluğu əldə etdik.
 
- Futbol ictimaiyyəti çempionluğun son turda – “Neftçi” – “Qarabağ” oyununda bəlli olmasını arzu edirdi.
- Biz bu barədə düşünmürdük. 7-8 tur əvvəl biz 3 xal geri qalırdıq və şəxsi oyunlarda vəziyyətimiz yaxşı deyildi. Son tura qalsaydı, 2 top fərqi ilə qalib gəlmək məcburiyyətində idik. Hər kəs istəyər ki, daha tez çempion olsun. Bu barədə düşünmürdük. “Neftçi”nin “Sumqayıt”la oyunda uduzması bizim üçün gözlənilməz oldu.
 
- Azərbaycanda “Qarabağ”a bata biləcək komanda yoxdur? 
- Elə deməzdim. Bu il hər iki komanda çempionluğa yaxın idi. Son tura kimi mübarizə getdi. “Neftçi” çempion olsaydı, onları təbrik edəcəkdik. Xırda səhvlər həlledici oldu. Biz sonda daha az səhv etdik.
 
- Bu mövsüm “Neftçi”yə qalib gələ bilməmisiniz. Çempionluq sizə onları məğlub etmək üçün motivasiya verəcək?
- Mən çempionatın sonu önəmlidir. Əsas qalib olmaqdır. Heç vaxt hesablamıram ki, kimi neçə dəfə udmuşuq və ya şəxsi oyunlarda vəziyyət necədir. Bu, kubok oyunu deyil. Çempionatdır və əsas odur ki, sonda qalib olasan.
 
- Azarkeşlər çempionluq oyunu olsa da, az idilər.
- Az olduqlarını deməzdim. Gələnlər sağ olsunlar. Avrokuboklarda bilirik ki, lazım olan dəstəyi bizə verirlər. Nə vaxt ehtiyacımız olubsa, yanımızda olublar. Onları da təbrik edirəm. Gərgin mövsüm keçdi.
 
- Gələn mövsüm sizi “Qarabağ”da görəcəyik?
- Bütün fikrimi çempionata kökləmişdim. Bununla bağlı yaxın günlərdə qərar verəcəyik.

Xəbər xətti