PFL "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı bəyanat yaydı

12:39 - 10 May 2019

Peşəkar Futbol Liqası Premyer Liqada son turun "Neftçi" - "Qarabağ" oyunu ilə bağlı bəyanat yayıb.

 

Sportal.az bəyanatı təqdim edir:

 

"Son günlər sosial şəbəkələrdə Azərbaycan Premyer Liqasının 11 mayda keçiriləcək sonuncu turunun “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir.

 

Ölkə çempionatının keçirilməsinə cavabdeh olan Peşəkar Futbol Liqası bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici  və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq. Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan Peşəkar Futbol Liqası oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir.

 

Qarşıda “Neftçi” və “Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik".

 

Qeyd: Oruc tutan şəxslər üçün stadionda “Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.

Xəbər xətti