AFFA Mxitaryanla bağlı UEFA-ya cavab verdi

13:30 - 10 May 2019

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) UEFA-ya İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final oyunu üçün gəlişində problem olmadığını bildirib.

 

Sportal.az TASS-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat verib.

 

"UEFA-nın futbolçuların digər ölkələrdəki oyunlara qatılmalarına görə viza üçün assosiasiyalara, klublara və səfirliklərə məktub göndərməsi təşkilat üçün standart bir qaydadır. Bu baxımdan UEFA və "Arsenal" klubu AFFA-nın təsdiqini tələb edib və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası bu oyunçunun ölkəyə daxil olması və qalmasında heç bir problem olmayacağını bildirdi. Bütün lazımi təhlükəsizlik tədbirləri görüləcək", - deyə məlumatda qeyd edilib.

 

Henrix Mxitaryan 2015-ci ildə Almaniyanın Dortmund "Borussiya"sı ilə Avropa Liqasının qrup mərhələsində "Qəbələ" ilə Bakıda keçirilən oyunu üçün səfər etməmişdi. Ötən il isə "Arsenal" 30 yaşlı yarımmüdafiəçini "Qarabağ"la Avropa Liqasının qrup mərhələsində keçirilən oyunda Azərbaycana gətirməmişdi.

 

Avropa Liqasının finalında "Arsenal" və "Çelsi" klubları qarşılaşacaq. Oyun mayın 29-da, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Xəbər xətti