Aftandil Hacıyev: "Mirabdulla Abbasov "Səbail"də oynamaq istəyir" MÜSAHİBƏ

15:07 - 13 May 2019

"Səbail"in baş məşqçisi Aftandil Hacıyev qol.az-a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, komandasının Avropa Liqasının təsnifat mərhələsinə hazırlıq planından danışan mütəxəssis transfer məsələlərinə də toxunub.

 

- "Səbail" tarixində ilk dəfə Avropa Liqasında çıxış edəcək. Turnirə hazırlıq planı müəyyənləşib, yoxsa hələ tezdir?

- Mövsüm yenicə qurtarıb, istirahətdəyik. Ramazan bayramından sonra - hardasa iyunun 6-7-si toplanacağıq. Hazırlığın ilk mərhələsi Bakıda olacaq və 10 gün davam edəcək. Sonrası barədə hələ məlumat verə bilmirəm. Çünki harada və necə olacağı dəqiq deyil.

 

- Yəqin ki, ölkə xaricində olacaq. Sadəcə, ölkənin adı dəqiqləşməyib...

- Bəli, çox güman ki, ölkə xaricində olacaq. Çünki yoxlama görüşləri üçün bizə rəqib lazımdır.

 

- Bir neçə gün öncə özünüz demişdiniz ki, klub rəhbərliyindən sizə yeni müqavilə təklif olunub. Həmin məsələ nə yerdədir?

- Düzdür, təklif gəlib, rəhbərliklə danışmışıq. Məsələ hələ rəsmiləşməyib, amma komandada qalmağa razılıq vermişəm.

 

- Müqaviləniz əvvəlki kimi bir illik olacaq?

- Detallar barədə geniş söhbət etmədik. Amma yola davam etmək haqda danışmışıq. Yəqin ki, yaxın günlərdə yekun qərarımızı verəcəyik.

 

- Heyətlə bağlı nə kimi dəyişiklər olacaq? Artıq bəzi futbolçularla yolları ayırmısınız. Yenə gedənlər olacaqmı?

- Bilirsiniz ki, mövsümün gedişində Tamazi, bir neçə gün öncə isə Ruslan Qurbanovla yolları ayırdıq. Bu yaxınlarda isə daha iki futbolçu - Enrike Perilyo və İmanol iriberri ilə əməkdaşlığa son qoyduq. Digərləri ilə isə hələ ki, danışıq gedir. Məsələləri açıq olaraq qalır. Həm onlardan cavab yoxdur, həm biz özümüz düşünürük. Ona görə digərləri haqda məlumat verə bilmirəm.


- Bildiyimizə görə, Kevin Kubembanın komandada qalmağını istəyirsiniz. Ancaq futbolçu ona təklif olunan yeni müqavilənin şərtləri ilə razılaşmır...

- Hə, biz öz təklifimizi etmişik. Ancaq ondan cavab almamışıq.

 

- Bəs qış fasiləsində heyətə cəlb olunan nigeriyalı Oke Akpoveta necə?

- Onun məsələsi də açıq olaraq qalır. Tam dəqiqləşdirməmişik.

 

- Çempionatın son turundan sonra keçirilən mətbuat konfransında "Neftçi"nin hücumçusu Mirabdulla Abbasovla maraqlandığınızı, hətta şifahi danışıq olduğunu bildirmişdiniz. Futbolçu ilə bağlı klubuna rəsmi təklif göndərmisiniz?

- Hələ ki, bir yenilik yoxdur. Yaxın günlərdə "Neftçi"yə rəsmi təklif göndərəcəyik.

 

- Mirabdullanın özü ilə razılıq əldə olunub?

- Mövsüm başa çatdıqdan sonra futbolçunun özü ilə ilkin söhbətimiz olub. Ona kimi özümüz danışmırdıq. Çünki vacib oyunları var idi. Danışdıq, onun da təklifə isti yanaşdığını hiss etdim. "Səbail"də oynamaq istəyir. Amma yenə deyirəm, klubu ilə müqaviləsi var. Necə olacağını zaman göstərəcək.

 

- Yəqin ki, maraqlandığınız başqa futbolçular da var...

- Çempionat yenicə qurtarıb. Təzə bir şey yoxdur. Bəzi futbolçular təklif olunub, onlara baxırıq. Ancaq hələ ki, dəqiq bir şey yoxdur.

Xəbər xətti