Baş məşqçi üsyan etdi: "Bir gün oruc tutma!"

14:28 - 23 May 2019

Türkiyə Super Liqasına vəsiqə uğrunda pley-off görüşündə "Hatayspor"la 0:0 hesablı heç-heçə edən "Adana Dəmirspor"un baş məşqçisi Ümit Özat açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis yaxşı nəticə almadıqlarını, lakin cavab görüşündə şanslarının olduğunu bildirib. Özat komandanın fransalı hücumçusu Potenin oyuna oruclu halda çıxması barədə sərt sözlər səsləndirib:

 

"Potenin vəziyyəti göz qabağındadır. Oruc tutmamasını demişdim, ancaq təəssüflər olsun ki, buna əməl etmədi. Orucun qəzası var, amma oyunun yoxdur. Heç bir şey çörəyini yediyin yerdən önəmli deyil. Biz də müsəlmanıq, əlhəmdülillah. Oyuna 20 min azarkeş gəlir, kluba maddi və mənəvi xərclər edən insanlar, komanda yoldaşların var... Bir gün oruc tutma da, qardaş. Bu, çətin şey deyil ki. Bir şəhərin taleyi ilə oynamasına icazə verə bilmərəm. Bir az həssas olmalıyıq. Oyunda uduza da bilərdik. Sonra kim deyəcək ki, Ahmet, Mehmet, Pote oruclu halda oyuna çıxmışdı".

 

34 yaşlı forvard matça start heyətdə başlayıb və 54-cü dəqiqədə əvəz edilib. Pote bu mövsüm Liqa 1-də 34 oyuna 16 qol vurub.

Xəbər xətti