Mirça Rednik "Neftçi"nin transferinə mane oldu

17:06 - 24 May 2019

Rumıniyanın "Botoșani" klubu müqaviləsi başa çatan italiyalı futbolçu Dieqo Fabbrininin yeni klubu müəyyənləşmək üzrədir.

 

Sportal.az digisport.ro-ya istinadən xəbər verir ki, "Neftçi"nin maraqlandığı iddia edilən futbolçu Rumıniyanın "Dinamo" klubu ilə anlaşmaq üzrədir.

 

"Xəzər Lənkəran"ın sabiq çalışdırıcısı, hazırda Buxarest klubunun baş məşqçisi olan Mirça Rednik növbəti mövsüm üçün italiyalı hücumçunu sərəncamında görmək istəyib.

 

"Dinamo" hücumçuya bonuslarla birgə aylıq 15 min avro maaş təklif edib. 28 yaşlı futbolçu ilə danışıqlar müsbət yekunlaşsa, o, klubda ən çox maaş alan futbolçu olacaq.

 

"Qırmızı-ağlar"ın idman direktoru Yonel Dançelesku transferin baş tuma ehtimalından danışıb:

 

"Fabbrini heyran olduğumuz futbolçudur. Bu transferin reallaşması ehtimalı yüksəkdir. Təklif hazırdır, müqavilə imzalamasını gözləyirik. "Dinamo" üçün önəmli addımdır, ancaq bu yatırıma dəyər".

 

Daha öncə tuttomercatoweb.com saytı "Neftçi" ilə yanaşı, "Qarabağ"ın da Fabbrini transferində maraqlı olduğunu qeyd etmişdi.

 

İtaliyalı futbolçu "Empoli" yetirməsidir və peşəkar karyerasına bu klubda başlayıb. Fabbrini "Udineze", "Palermo" "Uotford", "Syena", "Milluol", "Birmingem", "Midlzbro", "Spetsiya", "Real Ovyedo" klublarında oynayıb. O, 2018-ci ildən Rumıniyanın "Botoșani" klubunda çıxış edirdi və meydana çıxdığı 30 oyunda 5 qol vurub, 4 assist edib.

 

Fabbrini 12 dəfə İtaliyanın U-21, 1 dəfə isə əsas millisində forma geyinib. O, 2012-ci ildə Mario Balotellinin zədələnməsindən sonra yığmaya dəvət almışdı və İngiltərə ilə yoldaşlıq görüşündə meydana çıxmışdı.

Xəbər xətti