"Milan"da Qattuzo dönəmi başa çatdı

12:45 - 28 May 2019

İtaliya A Seriyasında mövsümü 5-ci pillədə başa vuraraq, Çempionlar Liqasından kənar qalan "Milan" baş məşqçisi Cennaro Qattuzo ilə yolları ayırıb.

 

Sportal.az "La Gazetta dello Sport"a istinadən xəbər verir ki, klub rəhbərliyi ilə görüşən 41 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

İtaliyalı mütəxəssis komandadan ayrılması ilə bağlı bunları deyib:

 

"Milan"dan ayrılmaq asan deyildi, ancaq bu verəcəyim vacib qərar idi. Üzücü olsa da, lazımlı qərardır. İki illik müqaviləmdən imtina edirəm, "Milan"la aramda pul söhbəti baş verə bilməz".

 

Qattuzo üzərində böyük təzyiqin olduğunu deyib:

 

"Üzərimdə lazım olandan çox təzyiq var idi. "Milan"dakı 18 ayımda gecələri çətin yatdığımı deyə bilərəm. Zehni cəhətdən parçalandım. Ən böyük üzüntüm son 3-4 ayda istədiyimiz nəticələri almamağımız oldu. İnsanlar futbolçularımızın inkişaf etdiyini söyləyir. Ancaq bununla razı deyiləm, onların çoxu gözləniləri vermədi. Komandaya təşəkkür edirəm. 68 xalla Çempionlar Liqasına getməsək də, onlarla qürur duyuram".

 

"Milan"ı idman direktoru Leonardo da tərk edib.

 

 Qattuzo 2017-ci ilin noyabrında "Milan"ın baş məşqçisi təyin edilmişdi.

Xəbər xətti