Nikola Yurçeviç: "Tənqid etdiyim məqamlardan biri də bu idi"

18:48 - 10 İyun 2019

Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç yığmanın AVRO-2020-nin seçmə mərhələsində sabah Slovakiyaya qarşı keçirəcəyi matçdan öncə təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirib.
 
- İki oyun arasında qısa müddət var idi. Bundan əvvəlki oyunda məyus olduq. Dünənki məşq yaxşı keçdi. Çətin oyun olacağını bilirik. Slovakiya güclü komandadı. Futbolçuları aparıcı klublarda oynayır. Bu da komandanın keyfiyyətindən xəbər verir. Bu oyun bizim üçün çox əhəmiyyətlidi.
 
- Millinin son oyunlarındakı zəif çıxışına görə azarkeşlər sabah stadionda AFFA-nı istefaya çağıracaq. Mümkün bu halların qarşısını almaq üçün müsbət nəticə əldə edəcəyinizə söz verə bilərsiz?
- Bu haqda çox məlumatım yoxdu. Təkcə ona söz verə bilərəm ki, komanda yaxşı nəticə üçün əlindən gələni edəcək.
 
- Macarıstan məğlubiyyətindən sonra AFFA prezidenti ilə görüşünüz oldu?
- Xeyr. Görüşümüz olmayıb.
 
- Sabah “ağ gün”ə çıxacağıq?
- Ümid edirəm ki, müsbət nəticə olacaq. Bizim reytinqimiz dünya sıralamasında 108-cidi. Real olmalıyıq. Hər oyunda xal və xallar qazanmağa çalışacağıq. Rəqibdən asılı olmayaraq. Oyunçular hər zaman meydanda əlindən gələni edir. Bəzən bərabərlik olacaq, bəzən də qələbə. Məğlub da olacağıq. Və futbolçular meydanda əlindən gələni edirlərsə, onlara bir şey deyə bilmərəm. Sabahkı oyun üçün optimistəm. Komanda olaraq əlimizdən gələni edəcəyik.
 
- Macarıstanla oyundakı səhvlər nə və ya kimlər idi?
- Təhlil etmişik. Bəzi epizodlarda komandadan razı qaldım. Lakin çatışmayan son 30 metrdə komanda olaraq təhlükəli deyildik. Standart vəziyyətlərə hazırlaşmışdıq, ancaq 2 top buraxdıq.
 
- Heyətdə hansı dəyişikliklər olacaq?
- 3 gün ritmində oynamaq Azərbaycan millisi üçün çətindi. Bəzi futbolçular yorğundu. Bəzi dəyişikliklər olacaq. Son məşqdən sonra qərarımı verəcəm. Azərbaycan millisi ilə Macarıstanı müqayisə etsək, çox da geri qalmırdıq.
 
- Artıq ikinci konfransdı ki, meydanda döyüşməkdən bəhs edirsiz. Azərbaycan üçün futbol nə vaxt olacaq?
- 40 ildi ki, futboldayam. Hər azarkeş, hər baş məşqçi mübarizə aparan oyunçuları sevir. Sizin futbol oynamağınız rəqibdən asılıdı, rəqib yüksək səviyyəli komanda olduqda oynamaq çətinləşir.
 
- Nə üçün oyunçular qapıya zərbə endirmir? 
- Dünənki məşqdə bunu danışdıq. Tənqid etdiyim məqamlardan biri də bu idi. Oyunda kifayət qədər qapıya zərbə endirmirik. Komandadan istəyim odur ki, daha çox təhlükəli olsunlar.

 

Xəbər xətti