13 ildir avrokuboklarda qalib gəlmir - "Qarabağ"ın rəqibi

17:22 - 18 İyun 2019

 “Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə qarışlaşacaq.

 

Sportal.az xəbər verir ki, “Partizani” paytaxt Tirananı təmsil edir. Klub 1946-cı ildə yaradılıb.

 

Paytaxt təmsilçisi 16 dəfə Albaniya çempionu olub, 15 dəfə ölkə kubokunu qazanıb, 1 dəfə I Divizionda qalib olub.

 

“Partizani” 1992/93 mövsümündən sonra ilk dəfə bu il çempion oldu. Komanda 1962-ci ildə avrokuboklarda debüt edib. Albaniya klubu 2015-ci ildən Avropa Liqasının təsnifat mərhələsində çıxış edir.

 

“Partizani” 2015/16 mövsümündə çempion “Skenderbeu”nun UEFA-dan cəza almasına görə, Albaniyanı ÇL-də təmsil etmişdi. II mərhələdə Macarıstan “Ferentsvaroş”unu keçən “Partizani” III mərhələdə “Zalsburq” səddinə ilişmişdi. Avropa Liqasının pley-off mərhələsində isə “Krasnodar”a uduzmuşdu (0:0 / 0:4).

 

“Partizani” avrokubokların qrup mərhələsini görməyib. Komanda yalnız 4 dəfə təsnifat mərhələsində mərhələ adlaya bilib. Klub avrokuboklarda son 15 oyunda qalib gələ bilmir. “Partizani” avrokuboklarda sonuncu dəfə 2006-cı ildə Kiprin “Etnikos” klubuna 2:1 hesabı ilə qalib gəlib.

 

Ötən ay 51 yaşlı italiyalı mütəxəssis Franko Lerda baş məşqçi vəzifəsinə gətirildi.

 

“Partizani” “Tirana” ilə birgə ev oyunlarını “Selman Stermasi Stadium”da keçirir. Stadionun azarkeş tutumu 9 min 500 nəfərdir.

 

Albaniya komandası ilk dəfə Azərbaycan təmsilçisi ilə rəsmi oyun keçirəcək.

 

“Qarabağ” isə ikinci dəfə avrokuboklarda Albaniya komandası ilə qarşılaşacaq. Ağdam klubu ötən il ÇL-in II təsnifat mərhələsində “Kukesi”dən üstün olmuşdu (3:0 / 0:0).

Xəbər xətti