UEFA "Neftçi"nin oyununun yerini dəyişdirdi

00:48 - 19 İyun 2019

Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq “Neftçi”nin ilk oyununun yeri dəyişdirilib.

 

Sportal.az xəbər verir ki, püşkün nəticəsinə əsasən, “ağ-qaralar” Moldova təmsilçisini iyulun 11-də Bakıda qəbul etməli, cavab matçı isə səfərdə keçirilməli idi. Lakin UEFA bu oyunun yerini dəyişib.

 

Buna həm Azərbaycanın iki təmsilçisinin, “Səbail” və “Neftçi”nin, həm də Moldovanın “Speranta” və “Petrokub” klublarının ev oyunlarının eyni günə təsadüf etməsi səbəb olub. Çünki, püşkə əsasən “Səbail” də iyulun 11-də doğma meydanda Rumıniyanın “Universitatya Krayova” klubunu qəbul etməliydi. İyulun 18-də isə “Speranta” doğma meydanda “Neftçi”ylə, “Petrokub” da Kipr AEK-i ilə üz-üzə gələcəkdi. Azərbaycan klubları rəqiblərini fərqli meydanlarda qəbul edəcəksə, “Speranta” və “Petrokub” Avroliqadakı ev oyunlarını eyni stadionda - Kişinyovdakı “Zimbru” stadionunda keçirir.

 

Bütün bunları nəzərə alan UEFA, “Neftçi” - “Speranta” cütü ilə bağlı dəyişiklik edib. Qərara əsasən, “Neftçi” ilk oyununu evdə yox, səfərdə keçirəcək. Cavab görüşü isə ayın 18-də Bakıda baş tutacaq.

Xəbər xətti