"Zirə" "Olimpiakos"un sabiq futbolçusunu transfer etdi

17:17 - 14 İyul 2019

"Zirə" növbəti transferini reallaşdırıb.

 

Sportal.az-ın məlumatına görə, qəsəbə təmsilçisi Yunanıstanın OFI klubundan ayrılan Anastasios Papazoqlunu transfer edib. 30 yaşlı yunanıstanlı futbolçuyla bir illik müqavilə imzalanıb. Papazoqlu iyulun 17-də Bakıya gələcək və "qartallar"la rəsmi müqavilə bağlayacaq.

 

Papazoqlu müdafiənin mərkəzində və sağ cinahında çıxış edir. O, daha öncə "Zirə"nin təklifindən imtina etsə də, klub baş məşqçi Samir Abasovun tələbiylə daha sərfəli müqavilə şərtləriylə Anastasiosu razı salıb.

 

Yunanıstanlı futbolçu ilk dəfə legioner həyatı yaşayacaq. Müdafiəçi "Panserraikos"un yetirməsidir. Papazoqlu "Olimpiakos", APOEL, "Ksanti", "Panetolikos", "Apollon" (Smirnis) klublarında da çıxış edib.

 

2018/19 mövsümünü OFI-də keçirən futbolçu Super Liqada 16 oyun meydanda olub.

Xəbər xətti