Roberto Bordin: "Onun dediklərinə şərh verib, təxribata getmək istəmirəm"

Avropa Liqasının I təsnifat mərhələsinin cavab matçınnda sabah Moldovanın “Sperantsa” klubunu qəbul edəcək “Neftçi”nin baş məşqçisi Roberto Bordin oyun öncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Bizi çətin oyun gözləyir. Futbolda gözlənilməz nəticələr tez-tez qeydə alınır. Sabahkı matça maksimum köklənəcəyik və qələbə qazanmağa çalışacağıq. İlk matçdakı qələbə bizi aldatmamalıdı, “boşalmaq” olmaz. Moldovada da “Sperantsa” bizə çətinliklər yaratmışdı. Bir neçə təhlükəli epizodları olmuşdu. Sabahkı matça maksimum köklənməliyik.

 

- İlk matçla müqayisədə heyətdə dəyişikliklər gözlənilir?
- Hələ bir gün var. Bu günkü məşqdən sonra ilk “11-liy”i müəyyənləşdirəcəyik. İndi deyə bilmərəm ki, dəyişiklik olacaq, ya yox.

 

- Zədəlilər – Soni Mustivarla Baqali Dabo nə vaxta hazır olacaq?
- Onlar bizim üçün vacib futbolçulardı. Soni komanda ilə məşq edir. Yüksək xarakterə malik futbolçudu, heç vaxt təslim olmur, öz üzərində işləyir. Bu günkü məşqdən sonra heyəti müəyyənləşdirəcəyik. O da oynaya bilər. Daboda irəliləyiş var. Bərpa prosesi gedir. Həkim nəzarəti altında məşq edir.

 

- “Sperantsa” səddi keçilsə, “Arsenal”la oyunlar üçün yeni transferlər olacaqmı? Ümumiyyətlə, yeni oyunçulara ehtiyac varmı?
- Bu gün yalnız “Sperantsa” ilə matçı düşünürük. Daha sonra digər məsələlər barədə danışacağıq.

 

- “Sperantsa”nı keçməsəz, yeni futbolçu gəlməyəcək?
- Bizdə hamı “Sperantsa” barədə düşünür. Bundan sonra digər mövzulara diqqət yetirəcəyik.

 

- İlk oyunda 3 qolla qalib gəlmişdiz. Cavab matçında hansı nəticə sizi qane edəcək?
- Çalışacağıq ki, oyunda diqtə edən tərəf biz olaq. Sona qədər aqressiv oyun göstərərək, qələbə qazanmağa çalışacağıq. Hər hansı hesabla qələbə məni qane edəcək.

 

- Ola bilərmi ki, “Arsenal”la oyunu düşünərək, bəzi sirləri gizlədəsiz?
- Əvvəlki sualda buna cavab verdik. Bu gün yalnız “Sperantsa”nı düşünürük.

 

- Səfərdəki matçda qələbədən əlavə oyun da sizi qane etdimi?
- Mənə əsas komandanın oyuna yanaşması vacib idi. Rəqib davam edən çempionatda çıxış edir və fiziki cəhətdən daha hazırlıqlı ola bilər. Komandama tapşırıq vermişdim ki, ciddi yanaşsınlar. Onlar da necə yanaşdıqlarını göstərdilər. Komandamın oyunundan razı qaldım. Ancaq bəzi səhvlər də oldu. Rəqib sürətli futbolçularının hesabına əks-hücumlar qura bildi. Bunların da üzərində işləmişik. Çalışacağıq ki, sabah eyni səhvləri təkrarlamayaq.

 

- Rəqib komandanın baş məşqçisi ilk oyundan sonra demişdi ki, komandam belə qalib gəlsəydi, 1 həftə yatmazdım. Sabah gözəl oyunla qələbə qazanıb, onun yuxusunu qaçırmağı düşünmürsüz?
- Rəqəbin baş məşqçisinə hörmət edirəm. Onun dediklərinə şərh vermək istəmirəm, onunla bəhsə girmək istəmirəm. Təxribata getməyəcəm. Mənim üçün vacib olan qələbədi.

 

- Bəlkə, “Şerif”də işləyəndə Kristian Efrosa çox qalib gəlmisiz deyə, belə danışır?
- Mənim onunla heç bir şəxsi problemim yoxdu. Efros barədə heç düşünmürəm də. Mənə yalnız öz komandam maraqlıdı. Bir qədər sonra onun da mətbuat konfransı olacaq. Yəqin özü daha ətraflı cavab verər.

 

- Adətən qalib heyət mühakimə olunmur. Ancaq sizin müdafiəniz tənqid olunur. Artıq Voislav Stankoviç də gəlib, ancaq o, ilk görüşdə ehtiyatda qaldı. Risk etmək istəmədiyiniz üçün Mbodju oynatdız?
- Komandada 6 müdafiəçi var, 4-ü stoperdi. Anton isə həm cinahda, həm mərkəzdə oynaya bilir. Heyətdə ciddi rəqabət var. Həmin an üçün Mbodjla Kirilə şans verdim. Son məşqdən sonra sabahkı oyun üçün heyəti müəyyənləşdirəcəyik.

Tarix: 17 İyul [18:07]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Avqust 2019
17  Avqust 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio