Emin Mahmudov: "Arsenal"la bacarmaq olar"

23:55 - 18 İyul 2019

"Bu qarşılaşmada çox yaxşı nəticə qazandıq. İlk 10-15 dəqiqədə çox top itirməyə başladıq". 

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin futboluçusu Emin Mahmudov Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Moldova "Sperantsa"sını 6:0 (ilk oyun 3:0) hesabı ilə məğlub etdikləri oyundan sonra söyləyib. 

 

27 yaşlı yarımmüdafiəçi ev tapşırıqlarını oyunda yaxşı göstərdiklərini vurğulayıb. O, növbəti mərhələdə qarşılaşacaqları Rusiya "Arsenal"ı barədə də danışıb: "Həmin görüşlərdə daha çox qaçmalı olacağıq. Oyunlara daha çox köklənməliyik. Çünki onlar başqa səviyyədir. Rusiya komandaları daha çox mübarizə aparırlar. Ona görə də bundan da yaxşı oynamaq lazımdır". 

 

Mahmudov 6:0 hesablı qələbə ilə "Sperantsa"nın baş məşqçisi Kristian Efrosa cavab verdiklərini deyib: "Ona yaxşı cavab verdik. Bizim üçün əsas qələbə idi. Bizim bütün oyunlarda şansımız var. Çalışacağıq ki, "Arsenal"a qarşı daha aqressiv, inamlı oynayaq və qələbə qazanaq. Rusiya çempionatı bizimkindən çox üstündür. Amma bizim də şansımız var. Futbolda hər şey ola bilər. Onlarla bacarmaq olar. Çalışacağıq ki, qələbə qazanaq".

Xəbər xətti