Monroz: "Komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm" - MÜSAHİBƏ

00:07 - 19 İyul 2019

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Bakıda Moldovanın “Sperantsa” klubuna qalib gələn (6:0) “Neftçi”nin hücumçusu Stiven-Jozef Monroz matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az fransalı futbolçunun müsahibəsini təqdim edir:

 

- "Arsenal"la oyun öncəsi iki oyuna doqquz vurdunuz. Bu, sizin üçün yaxşı motivasiya oldu?
- Əlavə motivasiyaya ehtiyacımız yoxdur. Biz hər oyuna kifayət qədər motivasiya ilə çıxırıq. Onu da başa düşürük, II mərhələdəki oyunlarımız daha çətin keçəcək. Çünki rəqibimiz daha səviyyəli komandadır. Onu da vurğulayım ki, evdə azarkeşlər önündə qalib gəlmək bizim üçün ikiqat vacib oldu.
 
- Futbolçular üçün əsl motivasiya pul hesab edilir. İddialar görə “Sperantsa” səddini keçdiyiniz üçün 3 min manat mükafat almısınız. Yəqin ki, “Arsenla”la oyunda daha çox pul istəyəcəksiniz...
- Bu, sadəcə, şayiədir.
 
- “Qəbələ”də daha çox driblinqlər edirdiniz. “Neftçi”də isə fərqli cür çıxış edirsiniz.
- Düz vurğuladınız. “Neftçi” mənim yeni komandamdır. Heyətimizdə Dario və Platellas kimi texnikalı oyunçular var. Hər bir oyunçunun vəzifəsi var. Onu deyə bilərəm ki, driblinqlərim də gələcək. Yavaş-yavaş komandaya uyğunlaşandan sonra oyunumu göstərəcəm. Hazırda kifayət qədər texnikalı oyunçularımız var.
 
- “Qəbələ”dən sizinlə bərabər Rauf Əliyev və Voislav Stankoviç “Neftçi”yə gəldi. Uyğunlaşmaq bu baxımdan çətin olmayacaq ki?
- Təbii ki, Raufla Voislavın burada olması mənə kömək edir. Onsuz da komandaya uyğunlaşıram. İki oyuna iki qol vurmuşam. Bunun üçün çox xoşbəxtəm və əminəm ki, ardı da gələcək.

Xəbər xətti