Cavid Hüseynov: “Kvalyarella? Bizimlə onların fərqi böyükdür” - MÜSAHİBƏ

22:04 - 26 Avqust 2019

"Zirə"nin kapitanı Cavid Hüseynov Premyer Liqanın ikinci turunda evdə "Neftçi"yə qalib gəldikləri (1:0) oyundan sonra Sportal.az-a müsahibə verib.
 
- Qələbə gözlənilməz oldu? Meydana üç xal qazanmaq üçün ayaq basmışdınız?
- Evdə - azarkeşlərimizin önündə oynayırdıq. İlk matçda da uduzmuşduq. Əgər birinci turda udsaydıq, bu oyunda ehtiyatlı davrana bilərdik. Rəqibimiz də “Neftçi” idi. Hansı ada baxmayaraq, nəyin bahasına olur, olsun, qələbə ümidi və əzmi ilə meydana çıxdıq. Şükürlər olsun ki, nəticəni qazandıq.
 
- Bu gün “Zirə”də qol hesabını açmağa müvəffəq oldun. Kənardan hazır olmadığın hiss olunur. Bu qolun sənə faydası olacaq?
- Hazır olub-olmadığımı bilmirəm. Mənə də bəzən deyirlər ki, bir az tempin aşağıdır. Tempə önəm vermirəm. Sırf olaraq oyunumu idarə etmədə qurmuşam. Asta templə çıxış edirəm. Kənardan görürsünüz ki, Cavid ləngdir, matçın sonlarında qaçmır. Çalışıram ki, meydanda ağıldan istifadə edim. Buna görədir.
 
- Hesabda 1:0 öndə olduqdan sonra bir neçə qol şansını qaçırdınız. Bu, sizi qorxutmurdu? Çünki futolda yazılmayan qanun var: vurmayana vurarlar.
- Samir müəllimin dediyində həqiqət var. Bildirdi ki gözləyin, “Neftçi” 20 dəqiqə sonra tam şəkildə irəli atılacaq. Belədə daha çox qol şanslarımız olacaqdı. Belə də oldu, bəlkə də, 2-3-cü qolları vura bilərdik. Vurmasaydıq, rəqib də fərqlənə bilərdi. Qələbəyə layiq idikmi? Bilmirəm, əsas odur udduq.
 
- “Neftçi”nin ətrafında söz-söhbətlər gəzir. Klubun üzərində təzyiq var. Bunun sizə üstünlüyü oldu?
- “Səbail”də də belə idi, ancaq meydanda bizə qalib gəldilər. Meydana çıxanda nə pul məsələsi, nə də digər amillər rol oynamır.
 
- “Zirə”nin ilk üçlüyə düşəcəyini proqnozlaşdıranlar var. Bunu reallaşdıra biləcəksiniz?
- Bu, kağız üzərində belədir. Yığılan futbolçulara görə də kənardan da belə görünür. Bəlkə, reallıq başqa şey deyəcək? Bu, meydan, bu da şeytan. Adlarımız var, hə, nolsun? Əsas odur ki, çıxıb meydanda oynayıq. Hələ tezdir bu barədə danışmaq. Biz də yaxşı nəticələr istəyirik.
 
- “Qəbələ” yaxşı günlər yaşamır. Səncə, onlarda vəziyyət düzələcək?
- Gedişatı və hər oyunlarını izləyirəm. Mütəmadi olaraq, əlaqəm var. Hər gün demək olar ki, onlarla danışıram. Yenə də onları düşünürəm. Bu, mənəvi borcumdur. Onsuz da mövsümün əvvəlində iddialı olacaqlarını deməmişdilər. Akademiyanın uşaqlarına güvənəcəklərini bildirmişdilər. Bundan hansı iddia gözləmək olar? Futbolçunun inkişafını gözləmək olar. Oyunçular inkişaf etsin, gələncəkdə bir-iki futbolçunu satmaq olar. İndidən nəticə gözləmək yersiz şeydir.
 
- Yığmanın çalışdırıcı Nikola Yurçeviç oyunu izləyirdi. Milliyə dəvət alacağını gözləyirsən, yoxsa artıq gecdir? Fabio Kvalyarella 37 yaşında İtaliya millisinə dəvət alır.
- Əslində, gec deyil. Kvalyarella? Bizimlə onların arasında fərq böyükdür. Nə olsun ki? Kriştiano Ronaldonun 34 yaşı var, amma 20   yaşlı oyunçu kimidir. Məni aparın rentgen aparatına, görün 40-45 yaşlı futbolçu çıxıram, yoxsa yox (gülür). Fərq böyükdür. Millini istəyirik, amma hər şey baş məşqçidən asılıdır.

Xəbər xətti