Adil Şükürov Premyer Liqanın ikinci turunu dəyərləndirdi - TƏHLİL

13:38 - 27 Avqust 2019

Azərbaycan Premyer Liqasında ikinci tur arxada qaldı.

 

Tura Sumqayıtda start verildi. İlk turda qalib gələn Şəhərin eyni adlı təmsilçisi çempionata qələbə ilə start vermiş "Səbail"ə 0:3 hesabı ilə uduzdu.

 

"Sabah" isə evdə gözlənilmədən "Keşlə"yə uduzdu - 0:1. "Qarabağ" "Qəbələ"ni üç cavabsız qolla yendi.

 

Turun son görüşündə isə "Zirə" "Neftçi"dən güclü oldu - 1:0.

 

"Zirə"nin sabiq baş məşqçisi və akademiyasının sonuncu rəhbəri, ötən ay fəaliyyətinə son verən "Şüvəlan"ın çalışdırıcısı olmuş Adil Şükürov Sportal.az saytı üçün Premyer Liqanın ikinci turunu dəyərləndirib:

 

“Sabah” - “Keşlə” oyununun nəticəsi gözlənilməz oldu. “Keşlə” həddən artıq istəkli idi və futbolçuların əzmi, istəyi ilə rəqibini məğlub etdi. “Qarabağ”la oyunda da yaxşı qapanıb, əks-hücumlara çıxırdılar. Ancaq komanda bu matçda fərqli oyun sərgilədi. “Keşlə” rəqibi üçüncü zonada qarşılayırdı və hücumlarını belə təşkil edirdi. Bunun da nəticəsində rəqibi səhv etməyə məcbur edirdi. Vüsal İsgəndərlinin vurduğu qol bunu bariz nümunəsi oldu.

 

 

“Keşlə”dən daha çox Tural Bayramlını qeyd edərdim. İkinci oyunu idi. 90 dəqiqə dayanmadan mübarizə apardı, komandasına fayda verdi. Hətta son dəqiqələrdə əks-hücumda qol da vura bilərdi. Əks-hücuma getməsi, sona qədər mübarizə aparması futbolçuda istəyin olduğunu göstərir.

 

 

Sezar Meza Kollinin də oyununu vurğulayırdım. İki il öncə “Keşlə”ni çiynində kubokun finalına kimi gətirdi və “Keşlə” titul qazandı. Zədədən qayıtmasına baxmayaraq, iki il öncəki liderliyini geri qaytarıb.

 

“Sabah”ın son yerli və əcnəbi transferlərini nəzərə alsaq, imkanlarından aşağı çıxış etdiklərini deməliyəm. Komanda oyunun əvvəlindən aktiv hücumlara çıxmaq istəyirdi. Ancaq “Keşlə” futbolçularının öz cərimə meydançalarının yaxınlığında aktivliyi buna imkan vermirdi. Oyunun sonlarında “Sabah”ın təşkil etdiyi hücumlardan gördük ki, komanda daha yaxşı çıxış edə bilər".

 

“Qarabağ” gözlənildiyi kimi “Qəbələ” ilə matçda üstün oldu. Ağdamlılar neçə ildir ki, Avropada çıxış edir. Komandanın bir-birindən fərqlənməyən iki heyəti var. “Qarabağ”dan İsmayıl İbrahimlini qeyd edərdim. Gələcəkdə daha yaxşı performans sərgiləyə biləcək futbolçu ola bilər. Bunun üçün də “Qarabağ” kimi komandada yerini möhkəmləndirməyə çalışmalıdır. Bu gün limitə görə daha çox İsmayıla şans verilir. O da bundan yaxşı istifadə etməlidir.

 

Image may contain: 1 person, playing a sport, stadium and outdoor

 

“Qəbələ”nin gənc futbolçularının Premyer Liqadakı təcrübəsizliyi özünü göstərdi. İlk hissədə davam gətirsələr də, fasilədən sonra rəqiblə başabaş mübarizə aparmaq mümkün olmadı. İkinci hissədə Rövlan Muradovun lazımsız yerdə sürüşmə fəndi penaltiyə səbəb oldu.

 

Image may contain: one or more people, people playing sports and outdoor

 

Hesabı açan “Qarabağ” daha aktivləşdi. Mahir Əmrəli və Xayme Romeronun oyuna qoşulması “Qarabağ”ın hücum xəttini daha da aktiv etdi. “Qəbələ” topladığı təcrübədən sonra inanıram ki, gələcəkdə daha güclü komanda ola bilər".

 

“Zirə” “Neftçi”yə qarşı qapanıb, əks-hücumlarda oynayırdı. Anton Krivotsyukun səhvindən sonra Soni Norde ötürməsini verdi və Cavid də hücumü qolla tamamladı. “Neftçi”də ən böyük çatışmazlıq lider futbolçunun olmamasıdır. Oyunu öz üzərinə götürüb, qol ötürməsi edən, çiynində aparan yoxdur. Bu da “Neftçi” üçün böyük problemdir. Ayrılıqda götürsək, “Neftçi”nin keyfiyyətli futbolçuları və güclü hücum xətti var. Müdafiə xəttindəki problemlər, boşluqlar, səhvlər çempionatda problemlər yaradacaq.

 

 

Şafiq Tiqrudja, Soni Norde və Xulio Sezar “Zirə”nin əsas simalarındandır. Norde və Xulio hiss edilir ki, sürətli, texnikalı və qol duyumu olan futbolçulardır. Cavid Hüseynovun liderliyi və onlara dəstəyini də qeyd etmək lazımdır. Cavid komandanı arxasınca apara biləcək futbolçudur. Heyətdə yerli və əcnəbi futbolçunun olmasından asılı olmayaraq, Cavidin “çəkisi” var.

 

 

Oyunun sonlarında “Zirə”nin futbolçularının əzələsini dartması mənə qəribə gəldi. Bu, vaxt aparmağa görə deyildi. Həddən artıq çox qaçırdılar. Rafael Məhərrəmli də çox işlədi. Bu, hazırlıqdan irəli gəlir. Mövsüm yeni başlayır və futbolçunun yerdə qalması yaxşı göstərici deyil. Yəqin ki, buna diqqət yetirəcəklər”.

 

“Oyuna baxdıqda görürük ki, “Sumqayıt” Qəbələdə qazandığı qələbənin təsiri altında oyuna istəkli çıxmışdı. Komanda növbəti qələbəsini qazanıb “Neftçi” ilə oyun öncəsi rahatlaşmaq istəyirdi. Nəzərə alsaq ki, “Sumqayıt” ötən mövsüm ikinci heyətlə “Neftçi”ni yenimişdi və bu da komandada da özünəinamı artıracaqdı.

 

 

Lakin  futbolun da gözəlliyi ondan ibarətdir ki, heç kimin  gözləmədiyi anda sürpriz olaylar baş verir. Hakimin verdiyi qərarlar və birinci hissədə penaltidən buraxılan qol oyunun gedişatına təsirini göstərdi. Fikrimcə, ilk turdan məşqçilər komandaları hakim səhvlərinə hazırlamalı idilər.

 


“Səbail” “Zirə”ni yendiyi oyundan fərqli olaraq, “Sumqayıt”la matçın ilk hissəsində səhvlərlə yadda qaldı. Lakin baş məşqçi bu səhvləri gördü, fasilədə komandasını toparlayıb, ikinci hissədə rəqibin boşluqlarını analiz edərək, fərqi üç topa çatdırdı. Yayılan söz-söhbətlərə baxmayaraq, “Səbail” oyundan oyuna daha yaxşı çıxış edir”.

Xəbər xətti