Ramin Musayev: "Məşqçilərin bir-birinə əl qaldırması qeyri-etikdir" - MÜSAHİBƏ

23:31 - 1 Sentyabr 2019

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Səbail” – “Qarabağ” oyunundan (0:4) sonra Sportal.az-a müsahibə verib.
 
- “Qarabağ”ın Avropa Liqasındakı qrupu barədə nə deyə bilərsiniz?
- Bir qorxduğumuz “Sevilya”dır. Digər komandalardan çəkinmirik. İspaniya klubu ilə də mübarizə aparmaq olar. 
 
- “Qarabağ” qrupda nə edə bilər?
- Ən azından bir xal almaq olar. Niyə də yox?!
 
- “Neftçi” – “Sumqayıt” oyununda baş verənlərdən məlumatınız var?
- Hər şeydən məlumatlıyam. Üçüncü gün qərarlarla tanış olacaqsınız.
 
- Şəxsi fikirləriniz necədir?
- Belə olmamalı idi. Əgər baş veribsə, cavabı olmalıdır. Xoşagəlməz hadisə məşqçilərin bir-birinə əl qaldırmasıdır. Qalan şeylər isə futbolda olan hadisələrdir. Hakim, futbolçu və məşqçi səhvləri olur. Lakin həmkarların bir-birinə əl qaldırması qeyri-etikdir, düzgün deyil.
 
- Üç tur geridə qaldı. Çempionatın səviyyəsi qane edir?
- Üç turla nəsə bilinməz. Beş-altı turdan sonra çempionatın səviyyəsi bilinər. Məşqçilər tam olaraq taktikalarını ortaya qoya bilməz, hamı tətildən təzə qayıdıb. Avropada oynayan komandaların gözləməyə ehtiyacı yoxdur.
 
- “Qarabağ”ın 4:0 hesablı qələbəsinə sevinidiniz, yoxsa “Səbail”in acınacaqlı məğlubiyyətinə məyus oldunuz?
- Məyus olunmalı bir şey yoxdur. “Qarabağ” futbolda öz sözünü demiş komandadır. Hər iki komandanın vəziyyətini nəzərə almalıyıq. Deyəcəklər ki, yenə Ramin Musayev “Səbail”i tərifləyir, amma komanda 0:4 hesablı uduzsa da, gənc uşaqlarla oyun nümayiş etdirdi.
 
- “Neftçi” və azarkeşlər arasında münasibət qaydasında deyil. Ötən oyunların birində klub rəhbərliyi azarkeşləri meydanda çıxartırdı. Bəs oyuna kim gəlib baxmalıdır?
- Mən həmişə azarkeşlərin tərəfində olmuşam, onlara kömək etmişəm. Problem yaşananda yanlarında olmuşam. Lakin söyüşün əlehinəyəm. Kimisə təhqir etmək, incitmək olmaz.
 
- Çempionatın sponsor məsələsi nə yerdə qalıb?
- Həll olunmalıdır. Bu gün 14:00-da danışmışıq. İnanıram ki, tezliklə həll olunacaq.
 
- Neçə şirkətlə danışıqlar aparılır?
- İki xarici şirkətdir.
 
- Ötən mövsüm cərimələnən klublar borclarını ödəyib?
- Xeyr, hamısı ödəyib. Elə də borc yox idi.

Xəbər xətti