Nicat Qurbanov: “Gələn mövsüm Gürcüstanın daha iddialı klubunda ola bilərəm” - MÜSAHİBƏ

14:14 - 3 Sentyabr 2019

Gürcüstanın I Divizion klubu “Samtredia”da çıxış edən azərbaycanlı futbolçu Nicat Qurbanov Sportal.az saytına müsahibə verib.

 

27 yaşlı yarımmüdafiəçi “Samtredia”dakı vəziyyətindən və gələcək planlarından danışıb.

 

- “Samtredia”da üç qol vurmusan, iki assist etmisən. Komandaya və çempionata asan uyğunlaşdın?
- Komandaya qoşulanda atıq iki dövrə bitmişdi. Burda da bizim Premyer Liqa kimi yarış dörd dövrəlidir. Bizdə mövsüm mayda bitdiyindən ideal formadan bir balaca uzaq idim. İlk iki həftə bir az ağır oldu, amma üçüncü dövrəyə demək olar ki, hazır başladım. Düşünürəm ki uyğunlaşmaqda problem olmadı.

 

- Çempionatın səviyyəsi necədir?
- I Divizion klublarında təcrübəli futbolçular çoxdur. Bu çoxluq isə oyunların maraq və səviyyəsini artırır. Fikrimcə, bizim I Diviziondan üç-dörd addım irəlidədir. Həm də “Samtredia” yüksək liqaya çıxmaq üçün mübarizə aparır. Ona görə də rəhbərlik komandaya yaxşı futbolçular dəvət edir.

 

 

- Klubların maliyyə şərtləri və şəraiti necədir?
-  Belə düşünürəm ki, yüksək liqaya çıxmaq uğrunda vuruşan komandalarda digərləri ilə müqayisədə maliyyə və şərtlər daha yaxşıdır. Ümümi götürsək, elə də yüksək deyil.

 

- Yəqin ki, Azərbaycan klubları kimi futbolçulara yaxşı maaş vermirlər...
- Açığı, bu barədə çox maraqlanmamışam. Deyərdim ki, bizim futbolda pul daha çoxdur.

 

- Oyunlara azarkeş marağı necədir?
- Gürcüstanda maliyyə zəif olsa da, azarkeş bizim Premyer Liqadan daha çoxdur. Hər oyunumuzda demək olar ki, tribunaların səksən faizi dolur.

 

 

- Nə vaxta kimi “Samtredia”da qalmaq fikrin var?
- Müqaviləm dekabr ayına qədərdir. Yüksək liqaya çıxa bilsək, məşqçilər və rəhbərliklə danışacam. Məqsədim gələn il yüksək liqada oynamaqdır.

 

- Ötən mövsüm başa çatdıqdan sonra klubsuz qalmışdın. Hətta məcbur olub karyeranı bitirdiyini də açıqlamışdın. Azərbaycan klublarından incik deyilsən?
- Heç bir incikliyim yoxdur. Ümümiyyətlə, hər işdə bir xeyir var. Yaxşı ki, bu gün burdayam. Yeni komanda, yeni futbolçular, yeni çempionat. Bunlar hamısı futbola olan istəyi daha da artırır. Nəticələrdən də bunlar görünür.

 

- Gürcüstanda daha iddialı klublara keçmək imkanın var?
- Əgər belə davam eləsəm, düşünürəm ki, gələn mövsüm daha iddialı klubda ola bilərəm. Hər şey özümdən asılıdır. Bu tempi bir az da artırıb, daha çox nəticə vermək lazımdır.

 

- Daha çox gürcüstanlı futbolçular Azərbaycana gəlir. Azərbaycanlı futbolçuya Gürcüstanda necə yanaşılır?
- Əgər sənə yaxşı yanaşmalarını istiyirsənsə, nəinki Gürcüstan, başqa ölkədə olsan belə, gərək, nəticə nümayiş etdirəsən. Çünki sən legioner sayılırsan və yerli futbolçulardan üstün olmalısan. Şəxsi keyfiyətləri götürsək, uşaqlarla əla münasibətim var. Yaxşı kollektivik.

 

Mehman Əşrəfov

Xəbər xətti