Asmir Beqoviç: "Qarabağ" qrupda bütün rəqiblərlə bacara bilər"

11:51 - 4 Sentyabr 2019

"Qarabağ"ın İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan icarəyə götürdüyü Asmir Beqoviç scsport.ba saytına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçı Ağdam klubuna keçidi barədə fikirlərini bölüşüb:

 

"Mütəmadi olaraq, mümkün olan ən yüksək səviyyədə oynamaq istəyirdim. Buna görə də "Qarabağ"ın mənim üçün yaxşı seçim olduğu görünür. Cddi inkişafa nail olmuş tarixi klubdur. Daxili çempionatda hər zaman kuboklar üçün yarışırlar. Bundan əlavə, komanda Avropada da rəqabət aparır. "Qarabağ" Avropa Liqasında çıxış edəcək. Yanvar ayına qədər işə yarayacaq çox sayda keyfiyyətli oyun keçirməyi gözləyirəm".

 

Bosniya və herseqovinalı qolkiper "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb:

 

"Qarabağ"ın "Linfild"lə cavab oyununu izləmişəm. Əlbəttə, bu, uğurdur. Çətin qrupdayıq. "Sevilya" barədə danışmağa ehtiyac yoxdur. APOEL ÇL-in pley-off mərhələsində "Ayaks"a çətinlik yaşadıb. "Düdelanj" isə sağlam komandadır. Ancaq "Qarabağ" qrupda bütün rəqibləri ilə bacara bilər".

 

Beqoviç transfer seçimini edərkən "Qarabağ"da çıxış etmiş həmyerlisi İbrahim Şehiçlə məsləhətləşmədiyini söyləyib:

 

"Hər şey tez baş verdi. Azərbaycanı tanıyan bir neçə adamla danışdım. Ciddi klub, gözəl şəhər, inkişaf etmiş ölkə və diqqətçəkən mədəniyyətə sahib olduqlarını dedilər. Yəni, "Qarabağ" barədə çox şey bilirəm. Komandanın Avropadakı oyunlarını izləmişəm, yaxşı kluba gəlmişəm. Cümə axşamı "Qarabağ"a qoşulacam. Belədə hər şeyi görəcəm".

 

Təcrübəli qapıçı "Bornmutda"kı durumu barədə bunları deyib:

 

"Hər şey açıqdır. Bir peşəkar kimi işimi görürdüm və baş məşqçi, klubdakı digər insanlar haqqımda qərar verdilər. Həqiqət budur ki, oynamırdım və nəticədə belə bir qərar verməli oldu. Sadəcə, pul qazanmaq və ehtiyat skamyada oturmaq istəmirəm. Oynamaq istəyirəm. Bu qərarın yaxşı nəticə verəcəyini düşünürəm. Avropada oynayacaq və yeni təcrübə qazanacağam".

 

Beqoviç Bosniya və Herseqovina millisinə dəvət alacağına inandığını sözlərinə əlavə edib:

 

"Milli komandadan əlimi üzməmişəm. Mən həmişə hazıram. “Qarabağ”da mütəmadi və yaxşı oynasam, geri qayıda bilərəm. Uzun müddətdi bununla bağlı milli komandadan kimləsə danışmamışam. İndiki durumu bilmirəm. Əgər lazım olsa, təbii ki, orda olacam".

 

Xəbər xətti