Adil Şükürov: "Azərbaycan bu cür oyunla gürcüləri də məğlub etməyə qadirdir"

15:46 - 8 Sentyabr 2019

Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsinin ikinci oyununda Slovakiyanı qəbul etdi və rəqibini 2:1 hesabı ilə məğlub etdi.

 

Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv qrupun ilk oyununda Lixtenşteynə uduzmuşdu - 0:1.

 

U-21 yığmasının növbəti matçı sentyabrın 10-u "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

 

"Zirə"nin sabiq baş məşqçisi Adil Şükürov Sportal.az saytı üçün millinin Slovakiya ilə oyununu dəyərləndirib:

 

"İlk baxışdan görünürdü ki, komandalar bir-birindən çəkinir. Baxmayaraq ki, Azərbaycan millisi ilk oyunda Lixtenşteynə uduzmuşdu. Amma milli  Lixtenşteyndə çoxlu qol şanslarını qaçırmışdı. Komandamız uduzduğu oyunda üstün tərəf idi. Sadəcə, qol epizodlarını dəyərləndirə bilməmişdi. Bu da Slovakiya yığmasını narahat edirdi. Buna görə də oyuna ehtiyatlı başladı. Bunu hiss edən millimiz 7-ci dəqiqədə gözəl hücumdan sonra hesabı açdı.

 

 

Qoldan sonra komandamız əks-hücumda oynamağa başladı. Bu da yaxşı alınırdı. Zaman keçdikcə millimiz daha da qapandı. Slovakiya daha çox sol cinahdan hücumlar təşkil edirdi. Mərkəzdə Hüseyn Seyliğli ilə Nihad Tamazovu uğurlu oynadılar.

 

Kamran İbrahimov isə qapıda səhvsiz, çıxışları uğurlu idi. Cinahlardan gələn ötürmələri mərkəz müdafiəçiləri uzaqlaşdıranda isə Hacıağa Hacılı və Şakir Seydiov ikinci topları qazanırdı. Onlar da topu İsmayıl İbrahimliyə ötürürdülər. İsmayıl da fərdi keyfiyyətləri ilə Barışla Fərid Nəbiyevi sürətli hücumlara qoşurdu.

 

 

Baxmayaraq ki, komandamız oyunun böyük hissəsini müdafiədən oynayırdı, ancaq taktiki cəhətdən hücumlar qura bilirdik. İlk hissənin sonlarında rəqibi əks-hücumda yaxaladıq, ancaq Doğanın zərbəsində bəxtimiz gətirmədi. İkinci hissədə Obradoviç haqlı olaraq Fəridi əvəzlədi. Nəbiyev öz potensialından zəif çıxış etdi. Sağ cinahda olan Barış ondan daha aktiv idi. Rafelin oyuna girməsindən sonra digər cinah da sürətli oldu.

 

 

İkinci hissəni böyük ölçüdə müdafiədə keçirdik. Standart vəziyyətlər isə həmişəki “xəstəliyimizdir”. Belə vəziyyətlərdən bir oyununun sonlarında qolla nəticələndi. Komandamız ruhdan düşmədi, toparlandı və Barış Ekincierin dublu ilə hesabda önə keçdi.

 

Slovakiya millisi hücumlarını cinahlardan qururdu. Onlar da gördü ki, cinahlardan hücumlar keçmir. Uzun topları isə mərkəz müdafiəçilərimiz qarşılayırdı. Müdafiəmizin arxasına edilən uzun ötürmələrdə isə qapıçı Kamran İbrahimovun oyununu qeyd etməliyik. Müdafiəni sığortalamaq baxımından öndə oynayırdı. Uzaqdan zərbələrdə də Kamran yaxşı idi. 4-2-3-1 taktiki sxemi ilə oynayan komandamız millimiz müdafiə olunanda 4-4-2-yə keçirdi. Bunun da 4-2-3-1 sxemi ilə oynayan rəqibə qarşı mükəmməl effekti olur.

 

 

Millinin növbəti oyunu Gürcüstanla olacaq. Baş məşqçi Milan Obradoviç hansı dəyişikliklərə əl ata bilər? Məncə, mərkəzdə İsmayıl, Şakir və Hacıağanı saxlamaq olar. İsmayılın yerinə Nicat Süleymanovu da buraxmaq olar. Yenə də yaxşı-yaxşı fikirləşmək lazımdır. Slovakiya ilə oyunda var qüvvəsi ilə vuruşan Nihad Tamazovun da məcburi əvəzlənməsini də qeyd etməliyik. Fikrimcə, komandamız bu cür oyunla gürcüləri də yenməyə qadirdir".

Xəbər xətti