Davor Şuker: "Azərbaycanı çox sevirəm, burada dostlarım var"

19:32 - 8 Sentyabr 2019

Xorvatiya Futbol Federasiyasının prezidenti Davor Şuker Sportal.az-a müsahibə verib.
 
51 yaşlı veteran hücumçu sabah AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbayca - Xorvatiya oyunu ilə bağlı fikirlərini bölüşüb:
 
- Slovakiya ilə oyundan sonra Azərbaycanın qonağı olacaqsınız. Sabahkı matçla bağlı düşüncələriniz necədir?
- Seçmə mərhələdəki hər oyun vacibdir, qələbə bizə üç xal qazandırır. “Maksimir”dəki ilk oyunda elə də yaxşı oynamasaq da, qələbə qazanan tərəf olduq. Tarixə baxsaq, Bakıda pis nəticəmiz olub. 0:0 hesablı heç-heçə etdiyimiz oyunu nəzərdə tuturam. Ümid edirəm ki, sabah Xorvatiya qalib gələcək.
 
- Robert Prosineçkidən sonra Azərbaycan millisini Nikola Yurçeviç çalışdırır. Niyə Azərbaycan kimi ölkələr xorvatiyalı mütəxəssislərə etimad göstərir?
- 1992-ci ildən sonra yaxşı nəticələrimiz olub. 2018-ci ildə dünya ikincisi olduq. Əhalimiz az olsa da, yaxşı nəticələrlə məşqçilər üçün trend yaratmışıq. Şadıq ki, Robert Prosineçki Azərbaycanda çalışıb. O, gözəl insan və yaxşı məşqçidir. Elə mən özüm də Azərbaycanı çox sevirəm. Burada çoxlu dostlarım var. Sabahkı oyundan bir az kənara çıxmaq istəyirəm. Bakıda Avropa Liqasının finalı olmuşdu. Həmin oyunla bağlı bütün fikirlər müsbət idi. Mən sizinlə həm də UEFA İcraiyyə Komitəsinin üzvü kimi danışıram. Ümid edirəm ki, Bakıda Avropa çempionatının dörd oyunu bundan da yaxşı keçiriləcək.
 
- Azərbaycan Xorvatiya ilə Bakıda 0:0 hesablı heç-heçə etdikdən sonra Niko Kovaç istefaya göndərilmişdi. Sabah Azərbaycan Xorvatiyanı büdrətsə, Zlatko Daliçi belə təhlükə gözləyir.
- Ümid edirəm ki, sabahkı oyundan sonra baş məşqçimiz dəyişməyəcək. Bizim qrupdakı mövqeyimiz yaxşıdır. Gözəl futbol oynayırıq. Ümid edirəm ki, Avropa çempionatının oyunlarına komandamızı Zlatko Daliç çıxaracaq.

Xəbər xətti