Yunis Hüseynov: "Bordin iddialı danışıb "Qarabağ"ın hegemonluğuna son qoymadısa, deməli, yalan söyləyir"

16:04 - 18 Sentyabr 2019

Futbol mütəxəssisi Yunis Hüseynov Sportal.az saytına müsahibə verib.
 
- Premyer Liqada ötən turun oyunlarını yəqin ki izləmisiniz. “Qarabağ” – “Neftçi” oyunu (2:0) barədə fikirləriniz maraqlı olardı.
- O qədər də yaxşı təəssürat bağışlamadı. Əvvələr “Xəzər Lənkəran” və “Neftçi” arasında gərgin oyunlar olurdu, azarkeşlər gəlirdi. Bu oyunda da azarkeşlər gəlmişdi. İki sektoru doldurmuşdular. Futbolun gözəlliyi azarkeşdir. Azarkeşlər olanda futbolçularda məsuliyyət çox olur. Oyuna gəldikdə isə “Qarabağ” “Neftçi”ni hər cəhətdə üstələdi və layiqli qələbə qazandı.
 
- “Neftçi” “Qarabağ”a hansı amillərə görə uduzdu?
- Fikrimcə, “Neftçi” heyət baxımından heyəti düzgün qurmamışdı. Bəzi futbolçular var idi ki, şəxsən mən onların ötən turdakı oyununa baxıb, “Qarabağ” qarşısına buraxmazdım. Həmin futbolçular yenə oynadı və bu dəfə də zəif təsir bağışladılar. Buna görə də “Neftçi” zəif çıxış etdi. Komandada istək də yox idi. Çempionluğa oynayan komanda hər matça final kimi yanaşmalıdır. Çempionluğa oynayırsansa, nəinki “Qarabağ”la bütün rəqiblərə qarşı final görüşü kimi hazırlaşmalısan. Əfsuslar olsun ki, bunu “Neftçi”də neçə oyundur ki görmürəm. “Bney Yehuda” ilə oyunlardan sonra komandaya elə bil nəsə olub, özlərinə gələ bilmirlər. Bütün mövqeylərdə səhvlərə yol verirlər. Bəzi futbolçular var ki, meydannın hər bir nöqtəsində mübarizə aparmalı olduğu halda, bunu o qədər də etmir. Bir az məsuliyyətsiz yanaşırlar. “Qarabağ” isə meydanın hər qarışı uğrunda mübarizə aparırdı, istəkli idi. Amma “Neftçi” “Qarabağ”dan daha istəkli olmalı idi. Çünki arada xal fərqi var idi. Bəzi futbolçular istəksiz idi. Topu itirəndə elə bilirdilər ki, belə də olmalıdır, mübarizə aparmırdılar. Kobud səhvlər etdilər. Mübarizə güclü səviyyədə deyildi. “Qarabağ” bundan istifadə etdi, layiqli qələbə qazandı. “Neftçi”də leginerlər həddindən artıq zəif təsir bağışlayır. Hərəsi özünə görə oynayır. Meydanda komanda oyunu olmalıdır, 11 nəfər birgə çıxış etməlidir. Hər kəs özünə görə oynasa, komandaya xeyir olmaz. Belədə anarxiya yaranır. “Neftçi”də də belə futbolçular var ki istədiklərini edirlər. Kollektiv oynamaq lazımdır ki, komanda xeyir qazansın.
 
- Düşünürsünüz ki, legionerlər komandaya faydalı deyil?
- O qədər də yaxşı təsir bağışlamırlar. Pis legionerlər deyillər, Azərbaycan səviyyəsini götürsək, yaxşıdırlar. Ümumi götürsək, bəziləri komanda şəklində oynamır. Bu da özünü Avropa Liqasında və Premyer Liqanın ilk turlarında özünü göstərdi. Yeni gələnlər tam uyğunlaşmayıb. Elə futbolçu var ki, öz klubunda çox əla çıxış edir, amma başqa komandaya keçəndə heç cür uyğunlaşmır. Baqali Dabo “Qəbələ”də daha yaxşı təsir bağışlayırdı. Amma “Neftçi”də elə bil piyadadır, gəzinti ilə məşğuldur. Monroz komanda futbolu oynamır, meydanda istədiyini edir. Komanda futbolu oynamaq lazımdır. Lazım olan anda ötürmə etmir. Belə şeylər var. Platellas isə yerində qərar verən futbolçu deyil. “Neftçi” Azərbaycanın flqamanıdır. Bu komanda hər mövsüm çempionluğa oynamalıdır. Belə futbolçuları başa salmaq lazımdır ki, meydanda gəzmək olmaz. Oyuna çıxırsansa, 90 dəqiqə mübarizə aparmalısan. Eybi yoxdur, uduza da bilərsən, amma mübarizə aparmalısan ki, azarkeş də görsün ki, can qoyurlar. Mən o mübarizəni “Neftçi”də neçə oyundur ki görmürəm. Elə bil futbolçularda küskünlük var. Bunu dəqiq deyə bilmərəm. Ancaq “Neftçi” zəif təsir bağışlayır.
 
- Bu gedişlə “Neftçi” çempionluğa oynaya bilər?
- Ötən mövsüm “Neftçi” 7 xal öndə olanda bildirmişdim ki, çempion olmayacaqlar. Çünki komanda buna uyğun oynamırdı. Mənim də sözüm düz çıxdı. “Qarabağ” fərqi aradan qaldırdı və çempionatı 8 xal öndə başa vurdu. Sözümdən azarkeşlər incimişdi ki, niyə belə demişdim. Mən ömrümü “Neftçi”də keçirmişəm. 9 il komandada kapitan olmuşam. 15 il bu klubda çıxış etmişəm. “Neftçi”də ən çox oynayanlardan biri də mənəm. Həmişə istəmişəm ki, “Neftçi” çempion olsun, elə bu il də bu arzudayam. Lakin keçən mövsüm oyun bunu göstərmirdi. Mən buna görə belə fikirlər səsləndirdim. Düzdür, “Neftçi” çempionluq uğrunda mübarizə aparır, amma oyun onu göstərmir ki, komanda qalib olacaq. Bütün məşqçilərdən soruşsaq, çempionluğa oynadıqlarını deyəcək, amma hər şeyə mövsümün sonunda aydınlıq gələcək. Bu oyunla görmürəm ki, “Neftçi” çempion olsun. Ola bilər ki, növbəti dövrələrdə komanda artıracaq və çempion olacaq. Təki mən yanılım, səhv olsun dediklərim. Amma bu oyunla çempionluq görmürəm.
 
- “Neftçi”nin baş məşqçisi Roberto Bordinin postundan göndəriləcəyi xəbərləri yayılır. Baş məşqçi vəzifəsinə Roman Qriqorçukun da adı hallanıb. Daha əvvələr “Neftçi”də yerli mütəxəssislər çalışıb. Niyə sizə belə təklif olmayıb?
- Səbəbini bilmirəm. Ola bilər ki, xarakterimdən olsun. Ancaq rəhbərləri daha yaxşı bilər. O barədə bir şey deyə bilmərəm. Amma bunu düzgün vurğuladınız ki, Azərbaycanda yerli mütəxəssislərin hamısı “Neftçi”də işləyib. Bizim yerli məşqçilərin əcnəbilərdən biliyi daha yaxşıdır. Sadəcə, inanmaq lazımdır. Bizim dediklərimizi yad anlayırlar, amma kənardan gələn bunu söyləyəndə qəbul edirlər ki, əcnəbi bu fikirləri səsləndirib. Mənim orda işləyib-işləməməyimi isə rəhbərlər bilər. 
 
- Arzunuz var ki, oynadığınız “Neftçi” klubunu çalışdırasınız?
- Bir ara təklif olmuşdu, söhbət bağlandı, alınmadı. Hər bir məşqçinin işləmək arzusu var. “Neftçi” flaqmandır, ağır klubdur. Hər bir məşqçi istəyər ki, bu komandanı çalışdırsın, eləcə də mən. 3-5 aylıq getməkdənsə, getməmək yaxşıdır. Məşqçiyə inansalar, etimad göstərsələr, nəticə vermək olar.
 
- “Neftçi”ni bu çətin vəziyyətdən çıxarmaq olar?
- Bu, 100 faiz mümkündür. Amma hansı məşqçi gəlib desə ki, bu komandanı çətin durumdan çıxarıb, çempionluğa aparacam, deməli, yalan danışır. Bu vəziyyətdən çıxarmaq olar. Heyətdə yaxşı oyunçular var. Mübarizə aparmaq lazımdır. Qarşıda çox oyunlar var, “Qarabağ”la rəqabət aparmaq olar. “Neftçi”nin yaxşı mübarizə aparması mümkündür.
 
- Roberto Bordin “Şerif”dən “Neftçi”yə gələndə baş rolda olacaqlarını və azarkeşlər üçün yaxşı nətiəcələr qazanacaqlarını demişdi.
- Hər məşqçi gələndə iddialı danışır. Yerli məşqçilərdən birini aparın İngiltərə və ya Fransaya. Deyəcəklər ki, gəlmişik bura digər komandanın hegemonluğuna son qoymağa. Deməyə nə var ki? “Kişi sözü” filmində yaxşı sitat var: “Sözdü də, hirsləndin çıxdı ağzından. Mən indi hirsləndim dedim ki vurum bibini öldürüm, sonra da əsəbim yatdı. İndi nə deyirsən, onda da vurub bibini öldürüm?” Hər şeyi əməldə göstərmək lazımdır. Komandaya gəlirsənsə, inamlı olmalısan. Əvvəlcədən 100 faiz qaranti verib əməl etməyənlər yalançı məşqçilərdir. Mənə bir dəfə dedilər ki, komandanı çempiona edəcəksən? Bildirdim ki, çempionluğa oynayacağıq, amma hər şey sonda bilinəcək. Mən 100 faiz qaranti verə bilmərəm axı. Mənə də dedilər ki, qaranti verən məşqçi lazımdır ki, bizi çempion etsin. Cavabında dedim ki, əgər belədirsə, tapın həmin məşqçini, gətirin. Elə oldu ki, həmin məşqçi 3 ay işlədi. Sonra yenidən mən qayıtdım. Boş-boş danışmağı sevmirəm. Sabah reallaşmayanda sənə suallar verilir və başını sağa-sola bulayırsan. Komandaya inanmalısan və ruhlandırmalısan. Hər oyunu udmaq mümkün deyil. Elə olar ki, 90 dəqiqəyə 20 epizod yaradıb qol vurmaya bilərsən. Ancaq rəqibin bir şansdan maksimum yararlanar və uduzarsan. Belə şeyləri göz qarşısına gətirmək lazımdır. Futbolda da möcüzələr olur. Əgər Bordin iddialı açıqlamalar verib "Qarabağ"ın hegemonluğuna son qoymadısa, deməli, yalan deyir.
 
- Sizcə, yerli mütəxəssislərə inam niyə azdır?
- Klub rəhbəri deyiləm. Əgər olsaydım, sirrini bilərdim. Başa düşmürəm ki, niyə inanmırlar.
 
- Bəlkə sizə ona görə etimad göstəmirlər ki, “Xəzər Lənkəran”dakı fəaliyyətiniz uğurlu olmadı. “Kəpəz” isə I Diviziona düşdü.
- “Karvan” Yunis Hüseynovun rəhbərliyi altında UEFA-da mərhələ keçən ilk komanda olub. “Karvan”ı sıfırdan quran olmuşam və hər mövsüm çempionluğa oynamışıq. “Xəzər Lənkəran”ı 5-6-cı yerdən 2-ci pilləyə gətirmişdik. Daha əvvəl UEFA-da mərhələ adlamayan komanda ilə bunu reallaşdırmışıq. Maliyyə dəstəyi olmayandan sonra heç bir məşqçi nəticə verə bilməz. Bu, qeyri-mümkündür. Çox istərdim ki, Lənkəranda klub olsun. O cür azarkeşlər, stadion, şərait var. “Xəzər Lənkəran”da rəhbərlər kənara çəkildi və komanda dağıldı. UEFA-dan verilən cəzaya görə, əvəzedici heyətlə oynayırdıq. Bu, Yunis Hüseynovla əlaqəli deyildi. “Kəpəz”ə isə yeni mövsüm üçün komanda qurmağa getmişdik. Mən gedəndə komanda sonuncu yerdə qərarlaşmışdı. Əgər komanda qalsaydı və heyəti sıfırdan qurub, nəticə verməsəydim, iradları qəbul edərdim. Qışda getmişdim və komanda sonuncu idi. Elə oldu ki, komanda aşağı liqaya düşdü. Burada mənlik bir şey yoxdur. Bayaq dediyim ki, maliyyə dəstəyi yoxdursa, nəsə etmək qeyri-mümkündür. “Karvan”da maliyyə yaxşı olanda hər il ilk iki pillə uğrunda oynayırdıq. Hər şey maliyyə ilə bağlıdır.
 
- “Qarabağ”ın Avropa Liqasında yer aldığı qrupla bağlı fikirləriniz necədir?
- “Qarabağ”a uğurlar arzulayırıq. Hamımız istəyirik ki, komadamız qrup mərhələsini keçsin. Bu qrup imkan verir ki, “Qarabağ” ikinci yer uğrunda APOEL-lə mübarizə aparsın. Favorit isə “Sevilya”dır. Ancaq bu o demək deyil ki, İspaniya klubu bütün rəqiblərini asan məğlub edəcək. “Qarabağ” üçün Almaniya və İngiltərə klubları münasib olmayıb heç vaxt. İspaniya təmsilçiləri topla oynamağı sevir. “Qarabağ”ın iki mövsüm əvvəl “Atletiko” ilə ev-səfər oyunlarındakı heç-heçələrini xatırlamaq olar. “Sevilya”nın oyunlarını izləmişəm. Rəqibə oynamaq imkanı verən komandadır. “Qarabağ” da elə komandadır ki, topla oynamaq imkanı düşsə, yaxşı oyun keçirir. Düşünürəm ki, “Sevilya”dan xal almaq mümkün ola bilər. APOEL və “Düdelanj” klubları ilə “Qarabağ” daha əvvəl mübarizə aparıb. APOEL-lə oyunları izləmişdim. “Qarabağ” bu komandalardan xallar alıb, qrupu ikinci pillədə bitirə bilər. Əgər çıxmasalar, günahı özlərində axtarmalıdırlar. Çünki bu qrup imkan verir. Kim bilir, bəlkə gələcəkdə belə imkan olmayacaq. “Qarabağ” qrupdan çıxa bilər, uğurlar!

Xəbər xətti