Şərif Şərifov üçüncü dəfə Yay Olimpiya Oyunlarına vəsiqə qazandı

14:40 - 21 Sentyabr 2019

Azərbaycan sərbəst güləşçisi Şərif Şərifov karyerasında üçüncü dəfə Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələnib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı idmançı bu nailiyyətə Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 97 kq çəki dərəcəsində imza atıb. Olimpiya, dünya və Avropa çempionu 1/4 final mərhələsində gürcüstanlı dünya və olimpiya mükafatçısı Elizbar Odikadze üzərində qələbə sayəsində yarımfinala yüksələrək, ilk "6-lıq"dakı yerini təmin edib.

 

Şərifov lisenziya normasını doldurub və Tokio Olimpiya Oyunlarında iştirak hüququ qazanıb. O, Azərbaycanın hazırkı dünya çempionatında ikinci, ümumilikdə isə 5-ci lisenziyasını təmin edib.

 

XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçiriləcək. XVI Yay Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-a qədər baş tutacaq.

 

Xəbər xətti