Aleksey İsayev tapmacası - "Sumqayıt"da oynamağı özü istəmədi"

15:15 - 28 Sentyabr 2019

"Sumqayıt"ın futbolçusu Aleksey İsayevin klubdan ayrılacağı gözlənilsə də, rəsmi məlumat yoxdur. Futbolçunun klubla müqaviləsi olsa da, hələ də komandaya qatılmayıb.

 

Sportal.az müəmmalı durumla bağlı komandanın baş məşqçisi Ayxan Abbasovun fikirlərini öyrənib. Gənc mütəxəssis 23 yaşlı yarımmüdafiəçinin başqa kluba transferi üçün "Sumqayıt"ın təzminat istədiyini deyib:

 

"Əsl səbəb budur ki, Aleksey klubdan ayrılmaq və başqa komandada oynamaq istədi. Ancaq onun müqaviləsi var idi və klub bunun üçün təzminat istədi. Buna görə də söhbət uzandı. Aleksey "Sumqayıt"a məxsusdur və bir illik müqaviləsi var".

 

Uzun müddət keçsə də, İsayevin başqa kluba transferi baş tutmadı. Ayxan Abbasov onun komandaya qayıtmaq ehtimalına belə cavab verib:

 

"Bəli, komandaya qoşulmur. Yəqin ki, evində olur. Bununla bağlı rəhbərlik məşğul olur. Yayda təlim-məşq toplanışımıza qatılmadı. Biz də artıq onu fikirləşmədik. Bilirdik ki gəlməyəcək. Başqa yerdə oynamaq istədiyini demişdi. "Sumqayıt"da oynamağı özü istəmədi".

 

Aleksey ötən yay "Sumqayıt"la iki illik müqavilə imzalamışdı. İsayev Azərbaycan millisinə dəvət alsa da, debüt etməyib.

 

“Yenisey”in yetirməsi olan futbolçu 2016-cı ildə “Zenit”ə transfer olmuşdu.

 

Rusiyada doğulan futbolçu ötən mövsüm "Sumqayıt"da 31 oyun keçirib.

Xəbər xətti