Ruslan Abışov: “Partlayış” bu oyuna təsadüf etdi” - MÜSAHİBƏ

20:43 - 29 Sentyabr 2019

"Sabah"ın kapitanı Ruslan Abışov Premyer Liqanın VI turunda "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 31 yaşlı müdafiəçi öncə oyunla bağlı danışıb:
 
- Bu qələbəni çoxdan gözləyirdik. Açığı deyim, keyfiyyətli oyunumuz da olmurdu ki, yaxşı oynayıb, amma uduzduğumuzu deyə bilək. Fikrimcə, hər şey keçmişdə qaldı. Hər gün yeni nəsə başlayır. O beyinlə meydana çıxmışdıq ki, hər şey yenidən başlayıb, keçmiş turları unutmuşduq. Düzdür, ötən turlarda da belə düşünürdük. Bu gün “Səbail”ə qarşı yaxşı oynadıq, qollar vurduq. Qol epizodları yarada bildik. Qələbəyə layiq idik. Lazım olan vacib qələbə əldə etdik.
 
- Komandada motivasiya hiss edilirdi. Qısa müddətdə nəyi dəyişə bildiniz?
- Qeyri-adi bir şey eləmədik. Hər qarşılaşmadan öncə paltardəyişə otağında danışırdıq ki, bu oyun vacibdir, udmalıyıq, amma nədənsə alınmırdı. Bu gün oyunumuz hərtərəfli yaxşı alındı. “Keşlə” və “Qəbələ” ilə oyunlardakı kimi bu matça hazırlaşmışdıq. O “partlayış” bu görüşə təsadüf etdi. Ümid edək ki, bunun ardı da gələcək.
 
- Qarşıda “Qarabağ”la oyun var. Necə düşünürsünüz?
- Əslində, hər zaman istəyirəm ki, çempionatda “Qarabağ” kimi komandalar olsun. Futbolçu üçün güclü rəqibə qarşı oynamaq daha yaxşıdır. Pis çıxmasın, bizim itirəcəyimiz bir şey yoxdur. “Qarabağ” 6 turdan sonra maksimum nəticə göstərib. Liderdilər və həqiqətən də buna layiqdirlər. Ancaq biz də oyunumuzu oynayacağıq və çalışacağıq ki, çempionatda hansısa sürprizə imza ata bilək. Rəqibin adı var, amma biz də özümüzə güvənirik. Sona qədər mübarizə aparacağıq.
 
- İqor Ponomaryovun komandaya təsiri oldu?
- İqor Ponomaryov Azərbaycan futbolunu yaxşı tanıyırdı, ölkəmizdə işləmişdi. Həftə ərzində bizə bildirirdi ki çıxın futbolunuzu oynayın, özünüzə güvənin və rəqibdən üstün olduğunuzu göstərin. Bu gün hər kəs az da olsa, potensialını aça bildi.
 
- Oyunun son dəqiqələrində məğlub komanda kimi hücumlara atılırdınız. Kənarda qolun sizə daha çox lazım olduğu görünürdü.
- Darıxmışdıq qol vurmaq üçün (gülür). “Neftçi”ni çıxmaq şərti ilə qol vurmamışdıq. “Zirə” ilə görüşdə qolumuzda bəxt amili rol oynadı və oyunçularına dəyən top qapıya daxil oldu. Belə qələbələrin və qolların ardı gələr, buna inanırıq. Qarşıda vacib oyunlar var.
 
- Bu qələbə ilə psixoloji gərginlik aradan qalxdı?
- Psixoloji amil çox önəmlidir. Oynayırdıq, amma qol buraxan kimi ümidverici nəsə göstərmirdik. O cəhətdən problem var idi. Bu gün tilsimi qırdıq. Qarşıdakı oyunlarda lap qol buraxsaq da, “Səbail”lə matçı yada salıb, vəziyyətdən çıxa biləcəyik.

Xəbər xətti