Bəhlul Mustafazadə: “Əvvəl elə bildim, ofsayddır” - MÜSAHİBƏ

11:25 - 14 Oktyabr 2019

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə AVRO-2020-nin seçmə mərhələsində səfərdə Macarıstanla oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Gözlədiyimiz kimi, oyun çətin keçdi. Rəqibin təzyiq edəcəyini bilirdik. Çünki qrupdan çıxmağa namizəd komandadı və mütləq qələbə qazanmalı idilər. Əlimizdən gələni etdik, “vuruşduq”, ancaq nəticə belə alındı.

 

- Son dəqiqələrdə qol vursan da, sayılmadı. Nə baş verdi orda?
- Top mənim əlimə dəyməmişdi. Əvvəl elə bildim, ofsayddı, sonra məlum oldu ki, hakim əllə oyunu qeydə alıb. Oyundaca səhv etdiyini bilirdim. Ancaq əlimizdən bir şey gəlmirdi, artıq hakim qərarını vermişdi. Top qarın nayihəmə dəymişdi. Təəssüf edirəm ki, hakim belə qərar verdi. Xal qazana bilərdik, ancaq olmadı.

 

- Belə haqsızlıqla üzləşməyin bir gənc futbolçu kimi sənin gələcək karyerana pis təsir etməyəcək ki?
- Xeyr. Bunlara öyrəşməliyəm. Futboldu, belə şeylər ilk dəfə baş vermir. Edə biləcək nəsə yoxdu. Maksimum topralanıb, növbəti matçlarda nəticə qazanmaq lazımdı.

 

- Qısa müddətdi yığmaya çağırılsan da, sanki uzun zamandı milli üzvü kimi görünürsən...
- Mən U-15-dən yığma komandalarda oynayıram. Ona görə də qeyri-adi, ciddi bir şey olduğunu düşünmürəm. Çünki həmin zamandan yüksək turnirlərdə çıxış etmişəm, xarici komandalara qarşı oynamışam. Sadəcə, meydana çıxıram və komandam üçün əlimdən gələni edirəm.

 

- Hakimin qərarını çıxsaq, oyunun keyfiyyətini necə dəyərləndirirsən?
- Rəqibin təzyiq edəcəyini, bizi “sıxacağını” bilirdik. Əlimizdən gələn qədər mübarizə aparmağa, qol buraxmamağa və şans düşərsə, onan yararlanmağa çalışdıq. Bunu hardasa bacardıq. Ancaq hakim qolumuzu qeydə almadı.

 

- Artıq bir sindrom yaranıb ki, komanda oyuna çox pis başlayır. Bundan çıxış yolu nə ola bilər?
- Bəlkə də, rəqib bizdən güclü olduğu üçün ilk 15-20 dəqiqədə təzyiqdə saxlayıb, qol vurmağa çalışır. Öz barəmizdə nə deyəcəyimi bilmirəm. Bəlkə də, psixoloji hansısa faktorlar ola bilər.

 

- Yeni məşqçi yeni ruh gətirə bilib?
- Bunu siz deyə bilərsiz. Mən əvvəlki məşqçilərlə işləməmişəm. Ona görə necə olduğunu, nəyin dəyişdiyini demək çətindi. Amma son oyunlara baxsaq, vuruşuruq, xal almağa yaxın oluruq, bəzən bunu bacarırıq. Amma yenə də bu, azdı, daha yaxşı nəticələr qazanmaq lazımdı.

 

- Daha yaxşı nəticələrçün hansı addımlar atılmalıdı?
- Düşünürəm ki, hər şey futbolçuların özündən asılıdı. Hərə öz üzərinə düşəni etməlidi. Əgər milli komandaya gəlirsənsə, tam hazır olmalısan və bütün diqqətini bura verməlisən. Psixoloji və fiziki olaraq hazırlıqlı olmaq lazımdı. Mən yalnız futbolçular barədə danışa bilərəm, qalan hansı addımların atılmalı olduğunu demək mənimçün çətindi.

 

- Seçmə mərhələdə güclü rəqiblərlə oynadız. Bunun gələcəkdə faydasının dəyəcəyini düşünürsən?
- Belə rəqiblərlə oynamağımız yaxşıdı. Çünki tempə alışırıq. Növbəti tsikl nəsə etmək lazımdı artıq. Belə 1-2 xal yox, daha yaxşı nəticə qazanmaq lazımdı ki, azarkeşlərimizi sevindirə bilək.

 

- Tsikl artıq bitir. Bir futbolçu kimi Yurçeviçin qalmasının, yoxsa getməsinin tərəfdarısan?
- Bu, mənim üzərimə düşəcək bir şey deyil. Onun vaxtında debüt etmişəm. Futbolçu yığma komandaya gələndə baş məşqçinin kim olması fərq etmir. Millinin heyətində meydana çıxırsansa, maksimumunu etməlisən.(futbolpress.az)

Xəbər xətti