Xarabalıqdakı ümid KİÇİK QEYD

13:47 - 14 Oktyabr 2019

Millimizin macarlarla oyununu bir kəlmə ilə rahat ifadə etmək olar – bərbad! Heç nə alınmırdı yenə. Rəqib o qədər üstün görünürdü ki, Roland Salayın əlində (əslində ayağında) qalan Pavel Paşayevin simasında futbolçularımızın nə qədər əziyyət çəkdiyini görmək olurdu. Yox, günahkar axtarışına çıxmaq fikrində deyiləm. Bu haqda xeyli danışılıb, danışılır, yəqin ki danışılacaq da...

 

Millimizin bu qrupda belə aciz görkəmdə olacağını biz də bilirdik, Yurçeviç də bilirdi, xorvat mütəxəssisi təyin edən AFFA rəhbərliyi də. Və bu gün Yurçeviçdən daha artığını tələb etmək də çətindi. Tələb şəklində çox şey demək olar, reallıqda isə bacarığımızın bundan artıq olmadığını özümüz də bilirik.

 

Lakin ümumi vəziyyətin bərbad olması fonunda gənc futbolçuların oyunu sabaha ümid verir. Son oyunlar göstərdi ki, 22 yaşlı Bəhlul Mustafazadə Avropanın ortabab klublarında oynayacaq səviyyəyə qədər yüksələ və hələ uzun illər milimizə xeyir verə bilər. 23 yaşlı Ramil Şeydayev yenə ən xoş sözlərə layiqdi, yenə irəlidə tək vuruşurdu. Çərçivədə 25 yaşlı Emil Balayev, 20 yaşlı Renat Dadaşov, cəzalı durumda olan 21 yaşlı Anton Krivotsyuk, onun yaşıdı Ömər Buludov. Siyahıya bu mövsüm Premyer Liqada inamlı təsir bağışlayan İsmayıl İbrahimli, Tural Bayramlı, Turan Manafov, Səbuhi Abdullazadə, Amin Seydiyev və başqalarını əlavə etsək, 3-4 ilə döyüşkən milli yaratmaq olar.

 

Ümid var, amma tək ümidlə olmur bu işlər. Bu, artıq başqa mövzudu. Çempionatın səviyyəsi qalxmalı, daha çox klub olmalı, oyunçularımız xaricə çıxmalı və s.

 

Yeri gəlmişkən, VAR sistemini bəyənməyənlər üçün də belə bir acı nümunə. Hakimin təkrara baxmaq imkanı olsaydı, Macarıstandan heç olmasa 1 xalla dönəcəkdik.

 

Həmid

Xəbər xətti