"Qarabağ" - APOEL: FAKTLAR

13:37 - 16 Oktyabr 2019

Ağdam təmsilçisi “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda Kiprin APOEL klubunu qəbul edəcək.
 
Sportal.az xəbər verir ki, UEFA-nın saytı qarşılaşmanın afişasını hazırlayıb:
 
Azərbaycan və Kipr çempionları bu mövsüm üçüncü dəfə üz-üzə gələcək. Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşan komandaların duelində APOEL pley-offa yüksəldi. “Qarabağ” Kiprdə 2:1 hesabı ilə qalib gəlsə də, evdə məğlub oldu – 0:2.
 
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ilk turunda “Sevilya”ya 0:3 hesabı ilə uduzdu. İkinci qarşılaşmasında isə Lüksemburqda “Düdelanj”a qalib gəldi – 4:1.
 
APOEL isə “Düdelanj”a 3:4, “Sevilya”ya isə 0:1 hesabı ilə uduzub.
 
APOEL daha öncə üç dəfə Azərbaycan təmsilçiləri ilə qarşılaşıb. 1995/96 mövsümündə “Neftçi” ilə qarşılaşan Nikosiya təmsilçisi iki oyunun nəticəsinə görə mərhələ adlayıb (0:0 / 3:0). 2012/13 mövsümündə Avropa Liqasının pley-off mərhələsində yenidən “Neftçi”yə rəqib olan APOEL bu dəfə məğlub tərəf olub (1:1 / 1:3). Bu mövsüm “Qarabağ”la ÇL-in III təsnifat mərhələsində qarşılaşan kiprlilər mərhələ adlamışdı (1:2 / 2:0).
 
“Qarabağ” ardıcıl altıncı mövsümdür ki, Avropada qruplara qalıb. Ötən mövsüm Ağdam klubu Avropa Liqasının qrupunda “Arsenal”, “Sportinq” və “Vorskla” ilə oyunların beşində uduzmuşdu.
 
“Qarabağ” bu mövsüm Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.
 
“Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib.
 
“Qarabağ” qrup mərhələlərində keçirdiyi son 8 ev oyununun 7-də uduzub. Komanda bunlarında birində “Atletiko” ilə 0:0 hesablı heç-heçə edib. Ötən mövsüm “Qarabağ” qrup mərhələlərində ən ağır məğlubiyyətini “Sportinq”ə 1:6 hesabı ilə uduzmaqla aldı.
 
28 dəfə Kipr çempionu olan APOEL son altı ildə yalnız bir dəfə qruplara qalmayıb. Nikosiyalılar ötən mövsüm pley-offda “Astana” səddinə ilişmişdi.
 
APOEL bu mövsüm mübarizəyə Çempionlar Liqasının II təsnifat mərhələsində başladı. Kipr çempionu Monteneqronun “Sutyeska” klubunu mübarizədən kənarlaşdırdı. III mərhələdə “Qarabağ”dan üstün olan Nikosiya təmsilçisi pley-offda “Ayaks”a uduzdu.
 
APOEL Avropa Liqasının 2013/14 və 2015/16 mövsümlərində qrup mərhələsini keçə bilməyib. 2016/17 mövsümündə APOEL qrup lideri kimi 1/16 finala adlamışdı. Bu mərhələdə İspaniya “Atletik”ini keçən APOEL 1/8 finalda “Anderlext”lə bacarmamışdı.
 
APOEL Avropa Liqasının qrupunda keçirdiyi son 12 səfər oyununun 10-da uduzub.
 
“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında “Düdelanj”la səfər görüşündə Avropada 100-cü oyununu keçirdi.
 
“Qarabağ”ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev APOEL-in müdafiəçisi Giorgos Merkislə “Apollon”da komanda yoldaşı olub.
 
“Qarabağ”ın yarımmüdafiəçisi Araz Abdullayev 2016/17 mövsümünü icarə əsasında Kiprin “Anortosis” klubunda keçirib və bu komandaya qarşı oynayıb. Araz 2012/13 mövsümündə “Neftçi”nin heyətində Avropa Liqasının pley-off mərhələsində APOEL-ə qarşı mübarizə aparmışdı.
 
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda 2017/18 mövsümündə Qazaxıstanın “Astana” klubunda Avropa Liqasının pley-off mərhələsində APOEL-ə qarşı oynayıb. Penaltilər seriyasında Riçard Almeyda qol vurmuşdu və “Astana” qrupa yüksəlmişdi.
 
“Qarabağ”ın və APOEL-in futbolçuları – Filip Ozobiçlə Antonio Yakoliş Xorvatiyanın gənclər yığmasında və 2013-cü ildə “Hayduk” klubunda birgə oynayıblar.
 
APOEL-in serbiyalı hücumçusu 2016/17 mövsümündə ÇL-in pley-off mərhələsində “Kopenhagen”in heyətində “Qarabağ”a qol vurub. Danimarka klubunu məğlub edən “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının qrupuna vəsiqə qazanmışdı.
 
Baş məşqçilər
 
Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, Çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidir. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı. “qarabağ” Qurbanovun rəhbərliyi altında Avropada 100 oyun keçirib. APOEL-lə görüş mütəxəssisin “Qarabağ”la Avropadakı 101-ci oyunu olacaq.
 
APOEL-in baş məşqçisi Tomas Doll Şərqi Almaniya və Almaniya yığmasında ümumilikdə 47 oyuna 8 qol vurub. Keçmiş yarımmüdafiəçi məşqçilik karyerasına keçmiş klubu “Hamburq”da başlayıb. 2007/08 mövsümündə Dortmund “Borussiya”sında uğurlu olmayıb. 2013-2018-ci illərdə Macarıstanın “Ferentsvaroş” klubunu çalışdırıb. 53 yaşlı mütəxəssis bu ilin avqustundan APOEL-in baş məşqçisidir. 

Xəbər xətti