"APOEL-in futbolçuları Bakıda əsgər salamı versin" - Kipr mətbuatı

14:32 - 16 Oktyabr 2019

Türkiyə millisinin futbolçularının qol sevinclərini əsgər salamı ilə qeyd etmələri dünya mətbuatının gündəmindən düşmür.

 

Sportal.az xəbər verir ki, Kiprin "Kerkida" nəşri APOEL-in futbolçularının "Qarabağ"la keçirəcəyi oyunda qol vuracağı təqdirdə, əsgər salamı verməli olduqlarını qeyd edib:

 

"Giorgos Merkisin "Qarabağ" - APOEL oyununda qol vurularkən əsgər salamı verməsinə nə deyirsiniz? UEFA həyəcanlanacaq və izahat tələb edəcək? UEFA hazırda türklərin etdiklərini laqeyd şəkildə izləyir".

 

Giorgos Merkis ÇL-in III təsnifat mərhələsində "Qarabağ"la cavab görüşündə 2:0 hesablı qələbəni Yunanıstan bayrağı açaraq qeyd etmişdi. Kipr millisinin üzvü oyundan sonra açıqlamasında Mahir Emreli ilə aralarında dialoq olduğunu demişdi: "Oyun zamanı epizodların birində hakimdən cərimə zərbəsi tələb etdim. Rəqibin hücumçusu Mahir Emreli isə mənə dedi ki, bir qadın kimi ağlama. Ona "Ağlamıram, yunanam", - deyə cavab verdim. Mənə cavabında bildirdi ki, türklərin sənə nə etdiyini xatırlayırsan? "Yadımdadır, bu gün nə edəcəyinizi göstərin", - deyə ona cavab verdim". Amma biz onlara göstərdik. Buna görə də yunan bayrağına sarılmışam".

 

Mahir isə açıqlamasında Merkislə belə dialoq olmadığını, rəqib futbolçunun özünü tribunaya qəhraman kimi göstərmək üçün uydurma açıqlama verdiyini bildirmişdi.

 

"Qarabağ" və APOEL klubları oyunlardan öncə təhlükəsizlik məsələlərinə görə müzakirə aparıb. "Qarabağ" Bakıdakı oyunda tribunada müstəqilliyi tanınmayan Şimali Kipr bayraqlarının dalğalanmasına imkan verməyəcək. Nikosiya klubu da cavab görüşündə erməni təxribatına şərait yaratmayacaq.

 

"Qarabağ" - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.

Xəbər xətti