Joze Alesio: "Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq"

13:41 - 17 Oktyabr 2019

Bu gün dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçi Joze Alesio Da Silvanın brifinqi olub.

 

Sportal.az xəbər verir ki, braziliyalı mütəxəssis qrupu lider tamamlamaq istədiklərini deyib:

 

“Sabah – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm.

 

Təlim-məşq toplanışına isə dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Carvalho Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər.  

 

Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdir. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.

 

Azərbaycan millisi oktyabrın 23-də Moldova, oktyabrın 24-də Monteneqro, oktyabrın 26-da isə Slovakiya yığması ilə qarşılaşacaq.

Xəbər xətti