Rüfət Dadaşov: “Vulverhempton” qardaşımla boşuna müqavilə bağlamayıb”

14:49 - 19 Oktyabr 2019

Azərbaycan millisinin və Almaniyanın III Bundesliqa təmsilçisi "Proysen"in futbolçusu Rüfət Dadaşov müsahibə verib.

 

Sportal.az “Liga3 Online” saytına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu AÇ-2020-nin seçmə mərhələsinin oyunları haqda danışarkən son matçlarda rəqiblərindən geri qalmadılarını söyləyib:“Xorvatiya, Macarıstan, Slovakiya və Uelsin yer aldığı çətin qrupumuz var. Ancaq son matçlarda rəqiblərimizdən geri qalmadıq, məğlubiyyətlər minimal hesablı oldu. Vitse-çempion Xorvatiya ilə 1:1 hesablı heç-heçə önəmli nəticədir. Kiçik futbol ölkəsi kimi hər bir məqamı səbrsizliklə gözləyirik”.

 

Rüfət millidə son oyunlarda ehtiyatda qalmasından danışıb: “Əlbəttə, meydanda daha çox vaxt keçirmək istərdim. Üstəlik, biz bir hücumçu ilə müdafiə futbolu oynayırıq. Ona görə də çox vaxt əsas heyətdə mənə yer tapılmır. Ancaq oynamaq üçün hər şey etməyə hazıram. Bəhreyni 3:2 hesabı ilə məğlub etdiyimiz oyunda nəyə qadir olduğumu göstərdim və qol vurdum”.

 

Rüfət Azərbaycan millisində qardaşı Renat Dadaşovla birgə çıxış etməyin onun üçün qürurverici olduğunu söyləyib: “İki qardaşın millidə birgə oynaması adi məsələ deyil. Onunla görüşə bilmədiyimiz üçün yığmanın heyətində birgə olmağımız ikiqat xoşdur. Renatın böyük potensialı var və düşüncə olaraq da artıq böyüyüb. O, yeniyetmə yaşlarındakı səhvlərindən dərs çıxarıb və indi daha intizamlıdır. İngiltərə Premyer Liqasında çıxış edən klub onunla boşuna müqavilə bağlamayıb. Ona peşəkar karyerasında inanıram. Bütün ailəmiz onu dəstəkləyir”.

Xəbər xətti