"Qrupun favoriti Azərbaycan millisidr" - moldovalı məşqçi

00:11 - 24 Oktyabr 2019

Futzal üzrə Moldova yığmasının baş məşqçisi Vladimir Vusatyi DÇ-2020-nin əsas mərhələsinin Azərbaycanla oyunundan (1:3) sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, mütəxəssis əvvəlcə məğlubiyyəti şərh edib.

 

- İlk növbədə isti qəbula görə Azərbaycana minnətdarlıq edirəm. Sanki evdən evə gəlmişik. Uzun müddətdi ölkələrimiz arasında yaxşı münasibətlər var. Nəticədən narazı qaldım. Hesab edirəm ki, xala layiq idik. Fərdi oyun keyfiyyətləri ilə seçilən oyunçularınız var. Ancaq fikrimcə, komanda şəklində pis təsir bağışlamadıq. Heyətimizdə itkilərimiz olsa da, uduzmalı deyildik. Qapıçını sizlərin yanına gətirməyim təsadüfi deyil. Çünki matçda hər iki qapıçı yaxşı oynadı. Xüsusilə qolkiperiniz demək olar hər topu çıxardı. Bizim qapıçının da işi çox idi və layiqli çıxış etdi. Futzalda qapıçı vacib amildi.

 

- İlk turdan hiss olundu ki, qrupumuzda mübarizə gərgin olacaq. Bu mərhələdə məqsədiniz nədir?

- Təbii ki, qrupdan çıxmaq. Başqa vəzifəni heç kim fikirləşmir. Bu mərhələdə təsadüfi komanda olmur. Keyfiyyətli komandalar da olur, oyunçular da. Ona görə sizə də asan olmayacaq, bizə də. Əsas mərhələnin nə olduğunu yaxşı bilirik. Sizdə problem az olur, çünki legionerləriniz çoxdu. Bizdə isə legioner də azdı, ölkə çempionatının səviyyəsi də aşağı.

 

- Sizcə, hansı komanda qrupun favoritidi? 1-ci yerdə kimi görürsünüz?

- Sizin yığmanı. Sadəcə, Avropa reytinqinə baxaq - Azərbaycan yığması 7-ci yerdədi. Sizdə seçim imkanı genişdi. Bir komandayla hazırlaşdınız, indi başqa komandanı qarşımıza çıxarmısınız. Qrupda 2-ci yer uğrunda mübarizə aparacağıq. Bu, o demək deyil ki, uduzduq, belə də davam edəcək. Sabahkı oyunlar hər şeyi göstərəcək. Layiqli qrupda çıxış edirik.

 

Moldova millisinin qapıçısı Aleksey Kapsamun isə oyun haqda bunları söyləyib: "Belə yığmaya qarşı oynamaq ilk növbədə təcrübə verir. Hamı kimi, biz qapıçılara da. Üstəlik, tribunalar dolu olanda... Ajiotaj yüksək səviyyədədi. Bəli, ildə belə səviyyədə çox oyun keçirmirik.

 

Ölkə prezidentimiz yığmaya azarkeşlik edir. Bizə dedi ki, bütün ölkəni təmsil edirik, bunu yüksək səviyyədə etməliyik. Təbii ki, bizə uğurlar arzuladı. Biz də borcumuzu qaytararaq yaxşı çıxış etməyi, növbəti mərhələyə çıxmağı istəyirik. İnanıram ki, bunu həyata keçirəcəyik".

Xəbər xətti