Riçard Almeyda: “Tanrı bizi növbəti mərhələyə keçməklə mükafatlandıracaq”

23:03 - 1 Noyabr 2019

“Qarabağ”ın futbolçusu Riçard Almeyda Premyer Liqanın 10-cu turunda səfərdə “Neftçi” ilə qolsuz heç-heçə etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

 
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi qarşılaşmanı şərh edib:

 

“Nəzərə alaq ki, çempionatdakı əsas rəqibimizə qarşı oynayırdıq. Təbii ki, qələbə hamımızı daha çox məmnun edərdi. Amma 1 xal da 1 xaldır. Ona görə də evə məmnun dönə bilərik. Qarşıda APOEL-lə daha önəmli oyun var. Artıq bütün diqqətimizi ona yönəltmişik”

 

Almeyda ilk hissədə daha yaxşı oynadıqlarını deyib:

 

“İlk dəqiqələrdən oyuna yaxşı başladıq. Ümumiyyətlə, ilk hissədə yaxşı oynadığımızı düşünürəm. Biz “Neftçi” ilə oyuna köklənmişdik. Bəlkə də, 2-ci hissədə bir az təşəbbüsü əldən verdik. İlk hissədə oyunu qurmaq cəhdlərimizi 2-ci hissədə “Neftçi” analiz edərək, qarşısını aldı. Yəni, boşluqlar vermədi. Buna görə də hücuma çıxmaqda çətinlik çəkirdik. Qeyri-adi heç nə baş vermədi. Futbolda olan şeydir. Sabahdan APOEL-lə oyunu düşünməyə başlayacağıq”.

 

Braziliya əsilli milliləşən futbolçu çempionluq haqda danışmağın tez olduğunu söyləyib:


“Hələ çempionatın sonuna çox var. Yanvara qədər də hadisələr dəyişə bilər. Bütün bunları nəzərə almaq lazımdır. “Neftçi”ni əsas rəqibimiz olduğunu qeyd etdim, amma geridən “Zirə”, “Səbail” də gəlir. Onlara da hörmətlə yanaşmaq lazımdır. Hələ çempionluq barədə danışmaq üçün çox erkəndir”.

 

Almeyda Avropa Liqasının qrup mərhələsinin növbəti turunda səfərdə APOEL baş tutacaq oyuna haqda da fikirlərini səsləndirib:

 

“Motivasiyamız necə lazımdırsa var. Ötən dəfə verdiyim müsahibədə bildirmişdim ki, burada oynadığımız oyundan ən azı, 3 dəfə güclü oynamalıyıq ki, istəyimizə çataq. Ümid edirəm ki, tanrı da bizim əziyyətimizi yerdə qoymayacaq və bu dəfə bizi növbəti mərhələyə keçməklə mükafatlandıracaq”.

Xəbər xətti