Slavik Alxasov: "Dabo kimdir ki, məni söhbətə çağırsın" - MÜSAHİBƏ

00:00 - 10 Noyabr 2019

"Keşlə"nin kapitanı Slavik Alxasov Premyer Liqanın 11-ci turunun "Neftçi" ilə oyunundan (2:1) sonra müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 26 yaşlı müdafiəçi qələbəni şərh edib:

 

- Xeyr, gözlənilməz deyildi. Çünki matça yaxşı köklənmişdik, ciddi hazırlaşmışdıq. "Neftçi"nin necə komanda olduğunu, təcrübəli və kifayət qədər səviyyəli futbolçarının olduğunu bilirik. Baş məşqçimiz həftəboyu bizi bu oyuna yaxşı hazırlaşdırmışdı. Məncə, qələbəni kim daha çox istədisə, o da qazandı.

 

- Fasiləyə məğlub yollanmışdız. Paltardəyişmə otağında nə dəyişdi, Tərlan Əhmədov sizə nə dedi ki, ikinci hissədə "Neftçi"yə 2 qol vurduz?

- Əslində birinci hissəya də yaxşı başlamışdıq, xeyli qol epzidolarımız oldu, sadəcə, istifadə edə bilməmişdik. Standart vəziyyətdən qol buraxdıq. Fasilədə Tərlan müəllim bizi ruhlandırdı. Həm bizim özümüzün də içimizdə inam var idi ki, bu oyunda qalib gələ bilərik. Paltardəyişmə otağında bir yerə yığışıb söz qoyduq ki, çıxıb ikinci hissədə onları udacağıq.

 

- Dabo ilə mübahisən oldu. Hətta deyəsən, səni çölə çağırırdı. Nə baş vermişdi?

- Dabo kimdir ki, məni söhbətə çağırsın? Standrat vəziyyətlərdə mən onunla oynamalı idim. Epizodların birində topa çatmadı və əli ilə oynadı. Mən heç nə demədim. Ancaq ikinci dəfə dirsəklə vurdu məni, hirsləndim. Baş hakimə də dedim ki, baxın da, qırmızı vərəqəlik epizoddur. Tam başa düşmədim nə dedi, amma anladığım qədərilə ingilis dilində söyüş söydü. Ona görə mən də əsəbləşdim.

 

- Siz hesabda önə keçəndən sonra rəqib çox aqressiv olmağa başladı. Hətta məşqçilər korpusu da "söz davası"na çıxdı.

- Onlar məğlub durumda idilər, müdafiəçiləri də hücuma çıxırdı. Biz isə sakit idik, kompakt şəklildə mübarizə aparıb öz oyunumuzu oynamağa çalışırdıq. Şadam ki, qələbə qazandıq.

 

- Turnir cədvəlində yenidən ikinci pilləyə qayıtdız. İddianız nədir?

- Komanda yığılanda bizə deyilib ki, ilk "3-lük"də olmalıyıq. Sevinirik ki, 2-ci yerdəyik. Buna sona qədər davam etdirməyə çalışacağıq.

 

- Səncə, nəyə görə milli komandaya dəvət olunmursan. Ümumiyyətlə, özünü yığmaya hazır hesab edirsən?

- Vallah, bunun səbəbini mən bilmirəm. Bəlkə məşqçilər korpusu tam hazır olmadığımı düşünür. Ancaq millidə çıxış etməyə hazıram. Yığma komandada oynamaq, kömək etmək bizim borcumuzdur. Heç kimdən zəif deyiləm. İnanıram ki, gələn dəfə dəvət alaram. Amma çağırsalar da, çağırmasalar da, canları sağ olsun, mən hər zaman milliyə dəstək olacam.

Xəbər xətti