Donald Gerye: "Qarabağ"da oynamaq daha rahat idi" - MÜSAHİBƏ

00:32 - 10 Noyabr 2019

"Neftçi"nin haitili müdafiəçisi Donald Gerye Premyer Liqanın XI turunda "Keşlə"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az həmin müsahibəni təqdim edir:

 

- Yəqin ki, bu gün belə nəticə gözləmirdiz...

- Əlbəttə, gözləmirdik. Oyuna ciddi hazırlaşmışdıq. Meydana yaxşı nəticə üçün çıxmışdıq. Bu gün 3 xal qazanmaq üçün sona qədər mübarizə apardıq. Artıq bu oyunu unutmalı və qarşıdakı matçlara hazırlaşmalıyıq.

 

- Bu məğlubiyyətdən sonra 3-cü sıraya düşdünüz. Bunu həm də çempionluq yarışında "Neftçi" üçün böyük zərbə hesab etmək olar?

- Düzdür, turnir cədvəlində bir pillə gerilədik. Bundan sonra daha çox çalışmalıyıq. Çempionluq mübarizəsinə gəlincə, hələ ümidimiz var. Çünki qarşıda çox oyunlarımız olacaq. Mübarizəni davam etdiririk.

 

- Roberto Bordin mətbuat konfransında komandadan narazı qalıb və bildirib ki, futbolçular istənilən səviyyədə çıxış etmədilər. Baş məşqçinin fikirlərinə münasibətinizi bilmək maraqlı olardı...

- Bəli, baş məşqçi haqlıdır. Bu gün daha yaxşı oynaya bilərdik. Kifayət qədər vuruşmadıq. Məhz buna görə uduzduq. Növbəti oyunları daha yüksək səviyyədə keçirməliyik.

 

- Kənardan elə görünür ki, sanki "Neftçi"də xoşbəxt deyilsiz...

- Unutmayın ki, "Neftçi" mənim üçün yeni komandadır. Hələ tam uyğunlaşa bilməmişəm. "Qarabağ"da futbolçularla bir-birimizi yaxşı başa düşürdük. "Neftçi"də isə yeniyəm. Düşünürəm ki, getdikcə hər şey daha yaxşı olacaq.

 

- Sizcə, "Qarabağ"da oynamaq asandır, yoxsa "Neftçi"də?

- Çətin sualdır. Ancaq mənə "Qarabağ"da oynamaq daha rahat idi. Çünki bayaq da dediyim kimi, futbolçularla yaxşı anlaşırdıq. Məsələn, top Rəşadda olanda irəli çıxırdım, Almeyda mənim mövqeyimə düşürdü, Zubir isə cərimə meydançasına daxil olurdu. "Neftçi"də isə vəziyyət hələ ki, fərqlidir. Mənim üçün burada hər şey yenidir. Bu barədə əlavə nəsə deyə bilmərəm.

Xəbər xətti