"Beqoviçin "Qarabağ"da işi elə də çox deyil" - MÜSAHİBƏ

12:53 - 11 Noyabr 2019

"Zirə"nin qapıçısı Boyan Zoqoviç Premyer Liqanın 11-ci turunda səfərdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az 30 yaşlı monteneqrolu qapıçının müsahibəsini təqdim edir:

 

- Çox gərgin oyun oldu. Həmçinin, bizim üçün böyük matç idi. Azərbaycan Premyer Liqasının demək olar ki, ən yaxşı komandasına qarşı oynadıq. Düşünürəm ki, yaxşı mübarizə apardıq. Lazım olan 1 xalı qazandıq. İlk hissədə o qədər də yaxşı mübarizə aparmadıq. İkinci hissədə daha yaxşı çıxış etdik. Sonda bir xalı qazandıq.

 

- Yeni baş məşqçinin gəlişindən sonra artıq ardıcıl xallar qazanmağa başlamısınız - ötən həftə "Sumqayıt"la, bu həftə isə "Qarabağ"la heç-heçə. Zaur Həşimov gələndən sonra nə dəyişib?

- İlk oyunu "Sabah"a qarşı oynamışdıq. Məncə, həqiqətən də layiqli mübarizə aparmışdıq. Amma o matçda da qalib gələ bilməmişdik. Növbəti turda "Sumqayıt"la qarşılaşdıq. Oyunumuz yaxşı alınmasa da, 1 xal qazanmışdıq. Və bu gün "Qarabağ"la oyunda da 1 xal aldıq. Düşünürəm ki, meydançada göstərdiyimiz xarakterdə müəyyən dəyişikliklər var. Unutmayaq ki, bizi qış fasiləsinə qədər 3 gərgin oyun gözləyir. Bəzən düşünürəm ki, hər üç 3 görüş bizim üçün final xarakteri daşıyır. Hər şey mümkündür.

 

- İlk dövrədə "Qarabağ"la oyundan sonra Asmir  Beqoviç haqqında danışarkən tərifləyib, dostunuz olduğunu demişdiniz. Bu gün Riçard Qadze Beqoviçin qapısına baxımlı qol vurdu. Həm də son oyunlar Beqoviç çox qol buraxır. Fikriniz dəyişibmi?

- Bu sözləri dostumdur deyə demirəm. İngiltərə Premyer Liqası görmüş bir qolkiperdir. Nəinki Azərbaycanda, dünyadakı ən yaxşı qapıçılardan biridir. Qadze də yaxşı futbolçudur, öz keyfiyyətini göstərdi. Beqoviçin "Qarabağ"da işi elə də çox deyil. Digər qapıçıları bilmirəm, mənim hər matçda minimum 4-5 qurtarışım olur. Düşünürəm ki, qurtarışlar "Qarabağ"da oynadığı üçün Beqoviçdə daha azdır.

 

- Avropa çempionatının seçmə mərhələsinə görə çempionatda fasilə yaranır. Bu, sizin üçün xeyirli olacaq yoxsa zərərli?

- Düşünürəm ki, bu görüşdən sonra 2 gün istirahətimiz olacaq. Daha sonra məşqlərə başlayacağıq. Unutmayaq ki, bizi "Keşlə" ilə gərgin oyun gözləyir. Bu, təbii ki, heç də asan olmayacaq. Amma orada qazanılan xallar bizim üçün çox vacib olacaq.

Xəbər xətti