Qaret Beyl-dən AFFA rəsmisinə: "Bir az gec gəlməmisiz?!" - VİDEO

23:11 - 15 Noyabr 2019

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan yığmasının qonağı olacaq Uels millisinin baş məşqçisi Rayan Giqqz və komandanın kapitanı Qaret Beylin bu gün baş tutan mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, öncə azərbaycanlı xanım tərcüməçini UEFA nümayəndəsi tədbirdən kənarlaşdırdı. Buna Uelsin mətbuat xidməti rəhbərinin xahişi səbəb olub. Xanım tərcüməçinin sualları Azərbaycan dilindən ingilis dilinə və əksinə düzgün tərcümə edə bilməməsi qonaqları narazı salıb. Üstəlik, onun dünyaca məşhur futbolçu Beyli tanımaması uelsli federasiya rəsmisini özündən çıxarıb. Nəticədə o, UEFA nümayəndəsinə yaxınlaşaraq, xanımın Beylin fikirlərini tərcümə etməməsini istəyib və o, zalı tərk edib.

 

Bundan sonra AFFA öz işçisini mətbuat konfransına göndərməli olub. Amma bu vaxt da maraqlı hadisə baş verib. Ulduz futbolçu qarşılaşma ilə bağlı fikirlərini səsləndirərkən AFFA-nın beynəlxalq əlaqələr departamentinin əməkdaşı Orxan Əhmədov qəflətən onun yanında əyləşib. Konfransın sonlarında federasiya rəsmisinin ani hərəkətindən diksinən “Real”ın yarımmüdafiəçisi buna maraqlı reaksiya verib və tərəflər arasında əyləncəli dialoq yaşanıb:

 

Qaret Beyl: Salam.
Orxan Əhmədov: Salam.

Q. B: Necəsiz? Hər şey qaydasındadır?
O. Ə: Hər şey yaxşıdır. Siz necəsiz?

Q. B: Təşəkkür edirəm. Bir az gec gəlməmisiz?!

 

Onların bu dialoqu və Beylin son sualı zalda əyləşən media nümayəndələrinin gülüşünə səbəb olub.

 

 

 

Xəbər xətti