"AFFA belə bir utopik xəyallarla həm xalqı aldatdı, həm də Azərbaycan futbolunu 24 il geriyə qaytardı" - SORĞU

11:15 - 22 Noyabr 2019

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki uğursuz çıxışı hələ çox müzakirə olunacaq.

 

Yığmanın cəmi 1 xal toplaması və tarixinin - 24 il öncəki kimi - ən pis nəticəsinə imza atması futbol ictimaiyyətini narazı salıb.

 
Uğursuzluğun əsas səbəbkarı AFFA rəhbərliyi, səbəbi onların yarıtmaz idarəçiliyidir. Bu qurumun baş məşqçi seçimindəki səhvi də onların səriştəsizliyini göstərdi. İndi Nikola Yurçeviç “qurbanlıq” seçilib. Ciddi məşqçi karyerası olmayan xorvat 1 illik müqavilə qarşılığında aldığı 1 milyon avronu xərcləyərkən, biz də onun millimizi necə “xərclədiyini” izlədik.
 
Sportal.az xəbər verir ki, futbolinfo.az millinin çıxışını sırf məşqçinin işinə qiymətləndirmək baxımından aparıcı idman jurnalistlərinin fikrini öyrənib.
 
1. Qurban Qurbanov milli komandanın baş məşqçisi postunda qalsaydı, AÇ-2020-nin seçmə mərhələsini neçə xalla başa vurardıq?
2. Hansı yerli məşqçilər Nikola Yurçeviçdən daha yaxşı nəticəyə nail olardı?
 
Anar Xanlarov (rekord.az)
1. Qurban Qurbanov millidə qalsaydı və işinə müdaxilə olmasaydı, ən azı 3-cü yeri tuta bilərik. Hətta Elxan Məmmədovsuz AFFA olsaydı, Qurbanov bu qrupdan çıxa da bilərdi. Uğursuzluğa həyasızcasına don geyindirməklə deyil. Baş katib deyir ki 5 komandalı çətin qrupa düşmüşdük. Azərbayan Serbiya və Çernaqoriyadan 4 xal alanda necə qrupa düşmüşük ki? Hansı ki, futbolumuzda anarxiya dönəmi idi. Yaxud DÇ-98-in seçmə mərhələsindəki qrupda neçə komanda var idi ki? Onda da 3 xal yığmışdıq. Halbuki hazırkı şəraitin heç 10 faizi millidə yox idi.

 

2. 1 xal toplamaq üçün milliyə baş məşqçi lazım deyildi. Elxan Məmmədov özü baş məşqçi olsaydı, daha çox xal yığardı. 1 xala görə Yurçeviçi bura gətirib ona 1 milyon avro verməyə ehtiyac yox idi. Kamal Quliyev, Samir Abasov, Mirbağır İsayev, Aftandil Hacıyev kimi yerli və milli təcrübəsi olmayan məşqçilər də Yurçeviçdən daha yaxşı nəticəyə nail olardı.
 
Amal Abuşov (sport7.az)
1. Qurban Qurbanov millinin baş məşqçisi postunda qalsaydı, ən azından gələcəyə ümidlə baxa biləcəkdik, bu gün beynimizi belə suallarla məşğul etməyəcəkdik. Çünki AFFA rəhbərliyi, şəxsən Rövnəq Abdullayev Qurbanovun baş məşqçi postuna təsdiqlənməsi zamanı pilləli inkişafdan danışmışdı. Bu seçmə mərhələ də həmin o yolun növbəti pilləsi olacaqdı. Sözsüz ki, Qurban Qurbanov da bizim millini Avro-2020-nin final mərhələsinə yüksəldə bilməyəcəkdi. Bu, real hədəf deyildi. Təəssüf ki, AFFA belə bir utopik xəyallarla həm xalqı aldatdı, həm də Azərbaycan futbolunu 24 il geriyə qaytardı. Qurban Qurbanovun çalışdırdığı komanda ən azında Macarıstanla Slovakiyaya evdə biabırçı hesabla uduzmayacaqdı və ən azından evdəki oyunların birində qələbə qazanardı. Mütləq xal deməliyəmsə, 6 xal deyərdim.

 

2. Yerli məşqçilərin ağlı başında olanların hamısı ən azından Nikola Yurçeviçin nəticəsini təkrarlayardı, hətta yaxşılaşdırardı da. Elə Yurçeviçin köməkçisi Arif Əsədov belə 1 xal qazana bilərdi. AFFA-nın bu məşqçiyə nə dərəcədə dəstək olub-olmayacağı məsələsi də var. Nazim Süleymanov, Şahin Diniyev, Tərlan Əhmədov, Ağasəlim Mircavadov, gənclərdən Azər Bağırov, Mahmud Qurbanov, Samir Abasov Yurçeviçdən daha faydalı olardı.
 
Ruslan Sadıqov (matc.az)
1. Əslində, bu sualın cavabı çox sadədi. Hələ püşkatmadan sonra yığmamızın qrup sonuncusu olacağını, ən yaxşı halda 2-3 xal yığacağını proqnozlaşdırmışdım. Burda baş məşqçi amilini heç nəzərə almamışdım. Şablon səslənsə də, nəinki Qurban Qurbanovu saxlasaydıq, hətta Qvardiola - Mourinyo - Klopp "trio"sunu da gətirsəydik, qrup sonuncusu olacaqdıq. Bəlkə azarkeşlərin ürəyincə oyun olacaqdı, hamı yenə "kişi kimi oynayıb, uduzdular" deyəcəkdi. Amma ümumi nəticə dəyişməyəcəkdi. Prosineçki "yağmasa da, guruldayırdı", iddialı danışıb, bunu futbolçularına da sirayət etdirirdi. Azarkeşlər ən azı cəsarətli oyunla təsəlli tapırdılar. Yurçeviçdə çatışmayan cəhət vəziyyətlə barışmağı, hətta 1 xalı da qənimət saymağıdı. "İkinci adam" olmağa öyrəşən xorvatda liderlik xarakteri yoxdu. Bizim futbolçuların da başının üstündən "Damokl qılıncı" əskik olanda hamısı ağalıq eləməyə başlayır ki, bu da qruplaşmaya yol açır.

 

2. Məncə, yığmamızın bu seçmə mərhələdəki kimi məhəllə futbolu oynaması üçün PRO kateqoriyalı məşqçiyə ehtiyacı yoxdu. Hətta I divizion məşqçiləri də Yurçeviçin etdiyini bacararlar. Amma hansı ən güclü məşqçini gətirirsən-gətir, maksimum cəsarətli oyun və 5-10 xal görəcəksən. Səviyyəsi sıfırın altında olan çempionatdan çıxan futbolçularla final mərhələsinə "qarmaq atmaq" dünyanın 8-ci möcüzəsinə ümid etmək kimi bir şeydi.
 
Rəşad Ergün (komanda.az)
1. Qurban Qurbanov yox, Pep Qvardiola da olsaydı, Azərbaycan milli komandasının seçmə mərhələni uğurla başa vurmaq şansı yox idi. Bizim üçün kimin baş məşqçi olmasının elə də fərqi yoxdur. Bizim üçün fərq yaradan rəqiblərin kimliyidir. Məsələn, Malta, ya da Lixtenşteynlə hər bir məşqçi heç-heçə edə bilər, ya da qalib gələr.

 

2. Ümumiyyətlə, AFFA-da rəhbərlik səviyyəsində dəyişiklik olmayacaqsa, mən Yurçeviçin postunda qalmasının tərəfdarıyam. Fantastik məbləğ qarşılığında işləmir, sakit, eqosu olmayan adamdır. Ən azı Berti Foqts kimi bizim camaata yuxarıdan aşağı baxmır. Hansısa yerli məşqçinin Yurçeviçdən yaxşı, ya da pis nəticə qazanacağını da düşünmürəm. 2 xal artıq, ya da 2 xal əskik bizim üçün nəyisə dəyişir? Futbola, topa baxışımız, ümumiyyətlə, toplum, cəmiyyət olaraq dəyişməmiz lazımdı.
 
İlkin Fikrətoğlu (sportinfo.az)
1. Qurban Qurbanov baş məşqçi olsaydı, neçə xal yığacağımızı əminliklə deyə bilmərəm. Hər halda, Yurçeviçin nəticəsindən yaxşı olacaqdı.

 

2. Məncə, milli komanda baş məşqçisiz oyanasaydı da, 1 xaldan çox yığa bilərdi.
 
Əli Sahib (fanat.az)
1. Düşünürəm ki,  indiki nəticədən yaxşı olardı. Hə, bir nüans da var ki, təqribən indiki durumdan fərqli olmazdi. Qurbanov milli komandada olanda AFFA-nı idarə edənlər tərəfindən nə qədər sevilirdi, qısa müddət ərzində ona hansı şəraiti yaratdılar? Ümumiyyətlə, süni maneələr, işinə müdaxilələr vardımı? Həmin dönəmdə biz kənardan hiss olunanı yazırdıq, amma həqiqəti Qurban müəllim bilirdi. O da heç nə danışmadı. Məşqçiyə verilən səlahiyyət hər şey demək deyil, daxildən araqarışdırmalar gərək olmaya. Qısa müddətdə də Qurbanovun bunun qarşısını alması mümkün deyildi. Uzun-uzadı danışmaq olar. Amma həqiqəti başda Qurbanov olmaqla, çox  az adam bilir.  Gördüyümüz, bildiyimiz qədəri ilə yazmışıq, demişik. Onlar  danışmırsa, biz niyə danışaq?! Sualın cavabına gəlincə, qeyd etdiyim kimi, Qurbanov indikindən daha yaxşısını edə bilərdi.

 

2. Əslində, bu, nəticə deyil. Əgər nəticə deyiriksə, 1 xalı mən də qazana bilərəm. Ciddi deyirəm. Əgər bu iddiaya jurnalist kimi baş qoyuramsa, deməli, istənilən yerli məşqçi nəinki 1 xal, daha artıq xallar toplayardı. Bir məşqçi ki, “şərəf üçün oynayacağıq” deyib, start heyətində eksperment edir, komandanın daxili intizamı bərbaddı və s. hansı məşqçi keyfiyyətindən danışmaq olar. Yurçeviçi 4-5 oyunluq hansı keyfiyyətinə görə gətirmişdilər? Nə gözləyirdilər ki? Bilirsiz, adamlarda kafa yoxdu, boşdu içi. Nə düşünüb, nə edirlər - bilinmir. Ağılları, siyasətləri olsaydı, səbr edib Qurbanovu indi göndərə bilərdilər istefaya. Hə, qorxdular. Hər şey ola bilərdən qorxdular - nəticədən.
 
Elçin Cəlilov (futbolpress.az)
1. Qurbanov postunda qalsaydı, Yurçevicdәn 1 il çox olduğu üçün, daha әvvәldәn başlamış olduğu işi daha sәhmana salınmış bir yerdәn davam etdirәrdi. Belәdә millinin 1 xaldan artıq toplaya bilәcәyini gözlәmәk olardı. Hәm dә Qurbanov mәsәlәlәrә daha geniş spektrdan baxmağı ehtiva edәn yanaşma tәtbiq etmişdi. Ümumiyyәtlә, mәncә, o olsaydı, proseslәrin yaxşı mәcrada inkişaf edәcәyini gözlәmәk olardı.

 

2. Xәyali dә olsa, digәr yerli mәşqçilәrin heç birinә bu qәdәr etimad göstәrә bilmirәm. Perspektivlilәr var, lakin açılan mövzu içindә yeganә faktor kimi qabaran, mәnә görә, Qurbanovdur. Onun bununçün hәm tәcrübәsi, hәm avtoriteti, hәm dә nәticәlәri var.

Xəbər xətti