"Qarabağ" İspaniyada yenə tarix yazacaq? - FAKTLAR

15:15 - 22 Noyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.
 
UEFA-nın saytı noyabrın 28-i "Ramon Sançes Pisxuan"da keçiriləcək qarşılaşmanın afişasını hazırlayıb:
 
- “Sevilya” qazandığı 4 qələbə ilə 1/16 finala vəsiqəni təmin edib. 3-cü yerdə qərarlaşan “Qarabağ”ın şansları isə davam edir;
 
- Bu komandaların Bakıda keçirilmiş ilk oyununda əndəlüsiyalılar Xavyer Ernandes, Muni Əl-Həddadi və Oliver Torresin qolları ilə 3:0 hesablı qələbə qazandı;
 
- Əgər bu qarşılaşmada “Qarabağ” uduzsa, APOEL isə “Düdelanj”a qalib gələrsə, Azərbaycan təmsilçsinin növbəti şansları qalmayacaq. Çünki APOEL şəxsi oyunlarda üstündür;
 
- “Sevilya” “Qarabağ”la ilk oyunu nəzərə almasaq, əvvəlki mövsümlərdə Azərbaycan klubu ilə üz-üzə gəlməyib. “Qarabağ” isə 2017/2018 mövsümündə İspaniyanın “Atletiko” klubu ilə Çempionlar Liqasının qrup mərhələsində qarşılaşıb. Azərbaycan çempionunun madridlilərlə xoş xatirəsi var. Onlar ilk dəfə çıxış etdiyi turnirdə “Atletiko”ya uduzmadı – 0:0; 1:1;
 
- “Sevilya” ötən mövsüm Avropa Liqasına II təsnifat mərhələsində mübarizəyə “Uypeşt”lə (Macarıstan) başladı və 1/8 finala qədər irəlilədi. Komanda bu mərhələdə “Slaviya” (Çexiya) klubuna uduzdu;
 
- Əndəlüsiya klubu ötən mövsüm İspaniya La Liqasında 6-cı yeri tutdu və 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Komanda iki dəfə qrupu lider tamamlayıb;
 
 - “Sevilya” Avropa Liqasının qrup mərhələsində ev oyunlarında əla göstəriciyə sahibdir. Komanda 10 dəfə qalib gəlib, 3 oyunda heç-heçə edib və 1 dəfə uduzub;
 
- “Qarabağ” ardıcıl 6-cı, “Sevilya” isə 7-ci dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir;
 
- “Qarabağ” son Azərbaycan çempionudur. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq 7-ci dəfə çempion oldular. Bununla yanaşı, 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Komanda ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə eyni qrupda mübarizə apardı və 3 xal topladı;
 
- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi;
 
- “Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib;
 
- “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin səfər matçlarında 4 dəfə qalib gəlib, 1 matçda heç-heçə edib və 9 oyunda uduzub. Ağdamlılar son 4 səfər görüşünün 2-də qələbə qazanıb;
 
- “Sevilya”nın hücumçusu Munir Əl-Həddadi 5 qolla turnirin bombardiridir. O, “Düdelanj”la oyunda het-trik edib;
 
- “Qarabağ”ın heyətində üç ispaniyalı futbolçu var: Xayme Romero, Miçel və Dani Kintana;
 
- “Sevilya” bu mövsüm Avropa Liqasının qrup oyunlarında bütün oyunlarda qələbə qazanan yeganə komandadır;
 
- Bu mövsüm keçmişdə Avropa Liqasında qalib olmuş komandalardan yalnız 3-ü turnirdə iştirak edir: “Sevilya”, “Portu” və “Mançester Yunayted”;
 
- “Sevilya” Avropa Liqasında 118 qol vurub. Əndəlüsiyalılar “Vilyarreal”a məxsus olan rekorda çatmaq üçün daha 6 qol vurmalıdır;
 
Baş məşqçilər:
 
- Qurban Qurbanov Azərbaycan millisində 64 oyuna 14 qol vurmaqla bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı;
 
 - Xulen Lopeteqi 2019-cu ilin yayında “Sevilya” ilə 3 illik müqavilə imzaladı. Keçmiş qapıçı “Portu”, “Real” (Madrid) və İspaniya yığmasını çalışdırıb.
 
SPORTAL.AZ

Xəbər xətti