Zaur Həşimov: "Futbolçuları qardaş kimi danlayırıq, söymürük"

17:28 - 24 Noyabr 2019

Azərbaycan Premyer Liqasının 12-ci turunda "Keşlə"yə evdə 3:1 hesabı ilə qalib gələn "Zirə"nin baş məşqçisi Zaur Həşimov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı mütəxəssis qələbəni şərh etdi:

 

- Uşaqlar oyuna yaxşı başladılar. Necə hazırlaşmışdıqsa, o cür də start götürdük. Qollardan sonra da epizodlarımız oldu. Hesab məni qane edir. Oyunçuların istəklərindən razı qaldım. Bunun da nəticəsində qələbə qazandıq.

 

- “Keşlə”də yığmadan qayıdanların vəziyyəti pis deyildi. Sizdə isə əksinə oldu. Fərq nədədir?

- Əslində, rəqibin heyətində Vüsal gözümə pis dəymədi. Biz Elvinlə Cavidə daha çox istirahət vermişdik. Bəlkə də, üstünlüyümüz bunda oldu.

 

- Birdən-birə sırf iki hücumçunu meydana buraxmaqla riskə getmişdiniz, yoxsa rəqibin üslubuna uyğun addım atmışdınız?
- Mfo yorğun idi, yığmadan qayıdıb. Amma yorğun olmasaydı belə, Xulio zədədən qayıdıb, yaxşı durumda idi. İstənilən halda iki hücumçu ilə oynayacaqdıq.

 

- Qış fasiləsində heyətdə dəyişiklik olacaqmı?
- Bu uşaqlarla davam edəcəyik. Çalışacağıq komandanı gücləndirək. Hazırkı heyətdən tam razıyam, onlara iradım çox deyil. Qışda rəhbərliklə danışacağıq. İmkan daxilində çalışacağıq heyəti gücləndirək. Kimisə göndərmək ehtimalı barədə düşünmürəm.

 

- Nicat Süleymanova “qardaş” deyə səslənirdiz. Bizdə baş məşqçilər adətən kobud ifadələr işlədirlər. Bu münasibət sizə mane olmayacaq?
- Kobudluq mənə xas xüsusiyyət deyil. Hərdən qardaş kimi danlayırıq, söymürük, onlarla balans qurmağa çalışırıq.

 

- Çempionatda ilk qələbəniz idi. Bu, necə hissdi?
- Qələbə hər zaman sevindiricidi. Bundan əvvəlki iki heç-heçə də qələbəyə bərabər idi. Eyni hissləri yaşadım. Uşaqlar göstərdilər ki, komandanın potensialı əvvəlki nəticə kimi deyil.

 

- Seçim olsaydı, hədiyyəni kimə verərdiniz?
- Skarlatake və Cavidə.

Xəbər xətti