Soni Mustivar: “Qarabağ” bunu bacarıbsa, biz niyə etməyək?!” - MÜSAHİBƏ

21:00 - 16 Dekabr 2019

Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Sumqayıt”a 0:1 hesabı ilə uduzan “Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, haitili futbolçu öncə oyunu şərh edib:
 

- Kifayət qədər yaxşı oynamadıq. “Sumqayıt” əks-hücumlarda yaxşı mübarizə apardı. Bir neçə şansdan istifadə edə bilmədik. Bu, əsas səbəb deyil. Biz “Sumqayıt” qədər aqressiv və istəkli deyildik. Cavab oyununda biz də belə olmalıyıq.
 
- Çempionatda “Sumqayıt”ı hər iki oyunda məğlub etmişdiniz. Bu matçada da qalib gələcəyinizi düşünürdünüz?
- Əslində, xeyr, belə düşüncələr yox idi. Belə fikirlərlə meydana çıxmamışdıq. İl və mövsüm ərzində 2 dəfə qalib gəldiyimiz komandalar var. Hər bir oyuna maksimum köklənməliyik.
 
- Növbəti mərhələyə yüksəlmək şanslarınız azaldı?
- Deməzdim ki, şanslarımız az qalıb. Sumqayıtda ən azı 2 topla qalib gəlməliyik. 1 top vurmaq da bizi qane edəcək. Qələbə qazanmalıyıq. Bizim yaxşı oyunçularımız var və onların yaxşı cəhətləri var. Bu da bizə qalib gəlməyə kömək edəcək.
 
- Emin Mahmudovsuz oynamaq çətin deyil?
- Emin Mahmudov əla futbolçudur. O, Premyer Liqada istənilən komandada oynaya bilər. Hər bir komanda belə futbolçunun yoxluğunu hiss edər. Ümid edirəm ki, cavab matçına qayıdacaq. 
 
- İki hücumçunuz var və onlar ehtiyatda idi. Hücumçusuz oynamaq qəribə gəlmirdi sizə?
- Bu, baş məşqçinin qərarıdır. Hörmətlə yanaşmalıyıq. Kifayət qədər futbolçularımız var və onlar ön xəttdə özlərini göstərə bilər. Bu gün belə qərar verildi.
 
- Ötən mövsüm “Qarabağ” “Neftçi”dən 5 xal geri idi və sonda çempion oldu. İndi siz bu komandadan 6 xal geri qalırsınız. Çempion ola biləcəksiniz?
- “Qarabağ” bunu bacarıbsa, biz niyə etməyək?!

Xəbər xətti