"Beşiktaş" azarkeşləri Qubada xeyriyyə aksiyası keçirdi

23:11 - 27 Dekabr 2019

"Beşiktaş"ın azərbaycanlı azarkeşlərinin qurduğu "Təbəssüm yarat" könüllü qrupu Quba rayonunun Küpçalqışlaq kəndində yardım kampaniyası təşkil edib.

 

Kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan 61 şagirdə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri hədiyyə edilib.

 

Bununla yanaşı yuxarı sinif şagirdləri ilə psixoloqların görüşü keçirilib. Ölkəmizlə yanaşı dünyanın dörd bir tərəfindən gələn ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-ə yaxın könüllü səfərbər olub. "Təbəssüm yarat" kampaniyasının məqsədi "Beşiktaş" fəlsəfəsi ilə böyüyən insanların öz vətəninə və vətəndaşlarına mərhəməti, paylaşmağı, təhsil almağın əhəmiyyətini aşılamaq, futbolun təkcə idmandan və 22 nəfərdən ibarət olmadığını göstərmək, minlərlə insanın gücünü birləşdirməklə yüzlərlə şagirdi təhsilə cəlb etmək və həvəsləndirməyin mümkünlüyünü sübut etməkdir

 

3 il ərzində Azərbaycanın 5 müxtəlif ucqar rayonunun (Daşkəsən, Ağdam, Ağcabədi, Astara, Quba) 6 məktəbində təhsil alan şagirdləri sevindirən "Beşiktaş"lılar qısa müddət ərzində növbəti səfərlərinə yollanacaqlar. Kampaniyaya dəstək olmaq üçün "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

Xəbər xətti