Qurban Qurbanov: "Son anda Azərbaycana gəlməyə ehtiyat etdi" - MÜSAHİBƏ

21:06 - 18 Yanvar 2020

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Antalya toplanışında Rumıniyanın “Akademika Klinçeni” klubuna qarşı yoxlama oyunundan (2:2) sonra “FutbolPress”in suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- İlk oyunumuz idi. Bu gün futbolçulardan çox şey tələb edə bilmərik. Hər şey tam qaydasındadı. Futbolçular yorğun olsalar da, sürətli oynadılar. Meydanda yaxşı mübarizə var idi. Belə oyunlarda nəticə də əhəmiyyətlidi. 1:2 uduzurduq, futbolçular bərabərliyi çox istədilər və son dəqiqələrdə qol vurduq. Bu hələ hazırlığımızın ilk hissəsidi. Zamanla daha yaxşı forma toplayacağıq.

 

- Transferlər haqda yeni xəbər varmı?
- Bir nəfərdən var. “Yox” dedilər (gülür). Demək olar ki, hər şey həll olunmuşdu, son anda alınmadı. Bilmirəm, bu, bəzi futbolçuların öz düşüncələridi, yoxsa həqiqətən də ailələri imkan vermir ölkədən çıxmağa, Azərbaycana gəlməyə. Klub da, futbolçu da razı idi, ancaq sonra dedilər ki, ailəsi razı olmayıb, daha çox Azərbaycana gəlməyə ehtiyat etdilər. Digər variantlar var. Ola bilər ki, yaxın günlərdən hansısa futbolçunu transfer edək. Təbii ki, başqa bir cavab gəlməsə.

 

- Mövqeyi nə idi həmin futbolçunun?
- Yarımmüdafiəçi idi.

 

- Bura bir neçə gənc futbolçu gətirmisiz. İkinci qolu da onlardan biri vurdu. Cavanlarla bağlı fikirləriniz necədi?
- Onlara gənc gözü ilə baxırıq, ancaq azı iki ildi komanda ilə toplanışlarda, Bakıdakı məşqlərimizdə olurlar. Tam olaraq nəzarətimiz altındadılar. Hətta əvəzedici komandada da bizim keçdiyimiz məşqlər tətbiq olunur. Buna görə də onların elə böyük adaptasiya problemi olmur. Sadəcə, bu komandadan tələblər çoxdu. Əvvəl də fikirlərimdə qeyd etmişdim ki, birdən-birə 3-4 gənc futbolçunu meydana buraxmaq risk olar. Tələsmədən onları hazırlayırıq. Potensialları var.

 

- Transfer siyahınızda yerli futbolçu varmı?
- Nəzarətimizdə olan yerli futbolçular var. Mayda belə bir addım ata bilərik. Ancaq hər şey bizdən asılı deyil. Bir neçə yerli futbolçu daim nəzarətimizdədi. Vaxtı gələndə addım atacağıq.

Xəbər xətti