Filip Ozobiç: "Bu cür oynamağa davam etməliyik"

18:32 - 15 Fevral 2020

"Qarabağ"ın futbolçusu Filip Ozobiç Premyer Liqanın 17-ci turunda səfərdə "Zirə"ni 6:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi qələbəni şərh edib:

 

"Oyunun çətin olacağını bilirdik. Yaxşı ki, erkən qol vurduq. Düşünürəm ki, bu gün yaxşı oyun göstərdik. Belə davam etmək lazımdır".

 

Xorvatiyalı ilk 15 dəqiqədə hesabın 3:0 olmasını gözlənilməz adlandırıb:

 

"Matçın asan keçdiyini deməzdim. Meydanda maksimum güclə oynadıq. Qalib gəldiyimiz üçün sevincliyik. Qış fasiləsində yaxşı təlim-məşq toplanışı keçdik. Bu gün qeydə alınan hesab Antalyadakı hazırlığın nəticəsidir. Bu cür oynamağa davam etməliyik. Çempionluq haqqında danışmaq tezdir. Düzdür, ən yaxın izləyicimizlə xal xərqimiz böyükdür. Amma qarşıda hələ çox oyunumuz var".

 

Ozobiç uzunmüddəti zədədən sonra özünü yaxşı hiss etdiyini deyib:

 

"Hər şey qaydasındadır. Bu gün zədədən sonra start heyətdə meydana çıxdığım ilk oyun idi. Özümü yaxşı hiss edirəm".

 

Ozobiç qış fasiləsində Dani Kintana və Riçard Almeyda kimi futbolçuların "Qarabağ"ı tərk etməsinə də toxunub:

 

"Futbolda belə hallar olur. Kimsə gedir, kimsə gəlir. Hesab edirəm ki, bizim başqa yaxşı oyunçularımız da var. Onlarla da yaxşı nəticələr qazanmaq olar".

Xəbər xətti