Milliləşdirmə oyununun davamı - QEYD

14:32 - 18 Fevral 2020

Bu gün AFFA “Keşlə”nin paraqvaylı futbolçusu Sezar Meza Kollinin milliləşdiriləcəyini açıqladı.

 

Əməllərinə davam edirlər. Futbolu bölgərlərə yaymaq, uşaq futboluna diqqət ayırmaq əvəzinə, pulu əcnəbilərə xərcləyirlər.

 

Futbolçu yetişdirməyi bacarmayanlar üçün ən asan yol əcnəbiləri yığmaya gətirməkdir. Lakin ortada ciddi nəsə yoxdur. Çünki sistem kökündən yanlışdır.

 

Riçard Almeyda, Dəniz Yılmaz, Eddi Silvestr Paskual İsrafilov, Anton Krivotsyuk, Dmitri Nazarov, Əli Babayev, Pavel Paşayev, Ufuk Budak, Tuğrul Erat kimi milliləşdirilmiş oyunçular yığmanı ciddi şəkildə gücləndirməyiblər. Yığmanın son uğursuzluqları buna sübutdur. Yığmaların biabırçı nəticələri həm də AFFA-nın yanlış yolda olduğunu göstərir.

 

Federasiya əcnəbilərə xərclədiyi pula bölgələrdə uşaq futbol məktəbləri açıb, düzgün işlər görə bilərdi. Dövlət proqramını düzgün şəkildə xərcləyə bilsəydilər, indi paraqvaylıya ağız açmayıb, öz yetirmələrimizi milliyə dəvət edərdilər.

 

Bu siyasətlə AFFA yerli futbolçulara hörmətsizlik edir, onları futboldan küsdürür. İlkin Muradov, Kamal Mirzəyev, Xəyal Nəcəfov, Vüqar Mustafayev və digər yerli futbolçuların milliyə ayaq açmağını arzulasaq da, onların yolu bağlanır, əcnəbilərə üstünlük verirlir.

 

Zamanında pulu uşaq futboluna yatırmadılar və buna görə də futbolçu qıtlığı yarandı. İndi isə boşluğu əcnəbilərə doldurmaqda görürlər.

 

AFFA 10 il əvvəl Berti Foqtsun rəhbərlik etdiyi yığmaya əcnəbilərin gətirilməsi üçün milyonlar xərcləyirdi. Əgər həmin illər böyük maliyyə uşaq futboluna yatırılsaydı, indi həmin oyunçuları yığmada görərdik.

 

Futzal, qadın futbolu və aşağı yaş qruplarında da azərbaycanlılara qarşı ögey münasibət var. Onların əvəzinə dağıstanlı, iranlı, braziliyalı, almaniyalı, türk oyunçular millilərə götürülür, azərbaycanlıların mükafatlarına sahib çıxırlar.

 

Mehman Əşrəfov

Xəbər xətti