Rauf Əliyev: "Bir-iki nəfər var idi, artıq cavablarını aldılar" - MÜSAHİBƏ

20:55 - 1 Mart 2020

"Səbail"in futboluçusu Rauf Əliyev Premyer Liqanın XIX turunda "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra jurnalistlərə müsahibə verib.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı hücumçu öncə matçı şərh edib:

 

- "Neftçi" üstün idi və evdə oynayırdı. Matçın çətin keçəcəyini bilirdik. Rəqibin çox epizodları oldu və fərqləndi. Amma son dəqiqələrdə biz də hücuma keçdik. Artıq müdafiəçilərimiz də irəli atılmışdı. Sonda qol vura bildik. Çox vacib bir xal qazandıq.

 

- Oyundan öncə sosial şəbəkələrdə “Səbail”in “Qarabağ” üçün oynayacağı, sonadək döyüşəcəyi qeyd edilirdi. Siz həqiqətən “Neftçi”ni büdrətmək üçün mübarizə aparırdız, yoxsa özünüz üçün meydana çıxmışdız?

- "Səbail" nə "Qarabağ"ın ikinci komandasıdır, nə də başqa bir şeyi. Komandamız özü üçün oynayır. Hazırda o biri komandalarla xal fərqimiz elə çox deyil. Yəni, özümüz üçün mübarizə aparırıq. İndiki vaxtda sosial şəbəkələrdə hər şey yazırlar. Rəylərə baxırsan, komanda xal qazanan kimi deyirlər ki, "Qarabağ"a kömək edir. O biri komandaya da deyirlər filankəsə kömək edir. Bu, olan şeylərdir.

 

- Bu oyun ümumiyyətlə, özünüz üçün sübut matçı oldumu?

- Əsas odur ki, qol vurdum. Buna görə çox sevinirəm.

 

- Qol vurandan sonra sanki "Neftçi"yə jest etdiniz...

- Bir-iki nəfər var idi. Artıq onlar cavablarını aldılar. Mənim futbolçularla heç bir problemim yoxdur. Hamısı qardaşımdır. Bir-iki nəfər vardı. Özləri bilir.

 

- "Səbail" "Qarabağ"a məğlub olandan sonra ümumiyyətlə, uduzmur. Bunun səbəbi nədir? Düzdür, qalib komandanı heç vaxt mühakimə etməzlər. Amma komandada nə dəyişib ki uduzmur?

- Mən yeniyəm. Komandaya yanvardan qoşulmuşam. Toplanışdan sonra da komandada elə bir şey hiss etmirdim. Qış fasiləsindən sonra sonuncu yeri tuturduq. Hamı öz yerində idi, hazırlaşırdı. Hər şey normal idi. Əsas odur ki, bəhrəsini gördük. Birinci oyunda "Qarabağ"a uduzsaq da, bir xala yaxın idik. Sonrakı oyunlarda 3 xal qazandıq. Uğurlu seriyamızı davam etdirmək istəyirik.

 

- Görünür ki, "Neftçi"də hələ heç nə dəyişməyib. Bu komandadan getdiniz deyə sevinirsinizmi? Bir az açılışdınız, qollar vurdunuz. "Neftçi"dən getməyin faydası oldumu?

- "Neftçi"dən getməyin xeyiri odur ki, daha çox oynayıram. Bu yaşıma qədər karyeram ərzində hansı komandada olmuşamsa, daim oynamışam. Amma "Neftçi" də az oynadım. Çempionatda az şans verilirdi. Hamı problemi bir-birinin üstünə yıxırdı. Yəni, az oynatdılar. Ola bilər ki, "Səbail" səviyyəyə görə "Neftçi"dən geri qalır, çempionluğa iddiası azdır. Amma əsas odur ki, oynayım, qol vurum. Bu, mənim üçün daha rahatdır.

Xəbər xətti