Roberto Bordin: "Azərbaycanda bunu biz bacardıq"

12:09 - 2 Mart 2020

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin moldfootball.com-a müsahibə verib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis "Şerif"də çalışdığı vaxt Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"la mübarizələrindən (0:0, 1:2) danışıb:

 

"Avrokuboklarda böyük təcrübəsi olan çox yaxşı kluba rəqib olduq. Həmin vaxt onlar Çempionlar Liqasının qrup mərhələsinə kimi yüksəldilər. İlk görüşdə qol buraxmasaq da, bizim üçün çox çətin idi. Düzünü deyim, onda bu heç-heçəni qazanmaq üçün çox çalışmalı olduq. Evdə "Qarabağ" heç-heçədən daha çox qələbəyə yaxın idi. İkinci oyunda iki yaxşı qol imkanımız oldu. Kim bilir, onlardan istifadə etsəydik, onda hər şey tam fərqli ola bilərdi. Həmin vaxt rəqib açılacaqdı və onları əks hücumlarda tuta bilərdik. Lakin bunun əvəzində kobud səhvə yol verərək qol buraxdıq. Sonda nə baş verdiyi məlumdur".

 

İtaliyalı mütəxəssis "Neftçi"dəki fəaliyyətindən danışıb və bu kluba gəldiyi üçün peşman olmadığını deyib:

 

"Heç vaxt peşman olmamalısan. "Neftçi"də də yaxşı anlarım oldu. Avropa Liqasında iki dəfə Tula "Arsenal"ını məğlub etdik, hətta evdə 3:0 hesablı qələbə ilə. Azərbaycanda heç bir klub avrokuboklarda Rusiya klubunu keçməmişdi, ancaq biz bunu bacardıq. "Şerif"dən sonra ən çox "Neftçi" variantı xoşuma gəldi. Onu qəbul etmək və Moldovada "Şerif" kimi böyük bir klubu tərk etmək qərarına gəldim".

 

2018-ci ilin yayından "Neftçi"ni çalışdıran Roberto Bordin bu ilin yanvar ayında istefaya göndərilib.

Xəbər xətti