“Sülhsevərlər” və “Qəbələ”nin əzmkarlığı

18:49 - 2 Mart 2020

Premyer Liqada 19-cu tura yekun vuruldu. Keçirilən 4 oyunun 3-ü heç-heçə ilə başa çatdı.

 

Tura Sumqayıtda start verildi. Yerli komanda 1 pillə geri qaldığı “Keşlə”ni qəbul etdi. 2:2 hesablı heç-heçə ilə bitən görüşdə qollar baxımlı olsa da, qapıçıların da səhvlərini qeyd etmək lazımdır. Bərabərlik daha çox “Keşlə”ni qane edə bilər. Hesabda 2 dəfə geri düşən “ağ-qırmızılar” yaxın izləyicisinə məğlub olmadı.

 

 

“Sumqayıt” mövqeyini qorusa da, rəqibinə yaxınlaşmaq fürsətini əldən verdi. Mehdi Cənnətovun çıxışlarda inamlı qapıçı olmadığı məlumdur. “Sumqayıt” yayda “çərçivə” problemini həll etməlidir.

 

“Keşlə” isə ilk üçlükdə yerini qorumaqdadır. Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda stabil oyunla buna nail ola bilir.

 

Bu tur “Qarabağ”ın büdrəməsi ilə yadda qaldı. Mövsümün ikinci yarısında daha inamlı oynayan “Sabah”ın ağdamlılara çətinlik yaradacağı gözlənilən idi. Lakin “köhlən atlar”ın qələbəsinə tək “Sabah”ın qapıçısı Saşa Stamenkoviçin inamlı çıxışı mane olmadı. Qarşılaşmanın baş hakimi Elçin Məsiyev “Qarabağ”ın əlehinə bir neçə qərarla yadda qaldı. O, ağdamlıların vingeri Xayme Romeronun cərimə meydançasında yıxılmağına göz yumdu. Digər epizodda ispan futbolçunun qolu qeydə alınmadı.

 

Image may contain: 1 person, playing a sport and outdoor

 

“Sabah”ın ilk dördlük uğrunda sona qədər mübarizə aparacağını proqnozlaşdırmaq olar. Komanda xorvat mütəxəssis Jelko Sopiçin oyun sistemini mənimsəməkdədir.

 

Digər qarşılaşmada autsayder “Qəbələ” “Zirə”nin qonağı oldu. “Qırmızı-qaralar” erkən qolla hesabda geri düşdü. Buna baxmayaraq, qonaqlar əzmkarlıq nümayiş etdirdi. Fernan Lopeslə Rövlan Muradovun oyunun sonlarında vurduğu qollar “Qəbələ”yə möhtəşəm qələbə qazandırdı. Buraxılan qollarda “Zirə”nin qapıçısı Orxan Sadıqlının da mövqe səhvi etdiyini qeyd etmək lazımdır. “Zirə” ardıcıl 4-cü dəfə məğlub oldu.

 

undefined

 

“Qəbələ” isə vacib qələbə ilə vəziyyətini yaxşılaşdırdı. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda “Səbail” və “Zirə” ilə xal fərqini 4-ə endirməklə itirilmiş qanı az da olsa, bərpa elədi.

 

Turun son qarşılaşması da maraqlı məcrada keçdi. “Neftçi” “Qarabağ”ın xal itirməsindən yararlana bilmədi. “Ağ-qaralar” evdə “Səbail”lə oyunda 1:1 hesablı heç-heçəyə razılaşdı. Füzuli Məmmədovun rəhbərlik etdiyi kollektiv qələbəni son dəqiqələrdə əldən verdi. Qışda “Neftçi”dən ayrılan Rauf Əliyev sabiq komandasını qələbədən məhrum etməklə “Səbail”ə həyat verən qolun müəllifi oldu.

 

Image may contain: one or more people, people playing sports, stadium and outdoor

 

Fərqi artıra bilməyən “Neftçi” son dəqiqə şoku ilə 3 xala həsrət qaldı. “Neftçi” qələbə ilə çempionluq uğrunda mübarizə üçün daha da həvəslənəcəkdi. Lakin paytaxt təmsilçisi bu fürsəti əldən verdi və liderlə 8 xallıq fərq olduğu kimi qaldı. Bu gedişlə “Neftçi”nin Füzuli Məmmədovu baş məşqçi postunda saxlayacağı inandırıcı deyil.

 

“Səbail” isə qış fasiləsindən sonra daha inamlı çıxış edir. Heyət zəifləsə də, Aftandil Hacıyev əlindəki meyvələrlə ilk dördlük arzusunu davam etdirir.

 

Mehman

Xəbər xətti