Samir Abasov: “Qardaşlar, imkan verin dinc oturum, mənimlə işiniz olmasın”

15:00 - 3 Mart 2020

“Artıq 6-7 aydır işləmirəm, amma hər yerdə adımın hallanmağı məni özümdən çıxarır. Qardaşlar, imkan verin dinc oturum, mənimlə işiniz olmasın”.

 

Sportal.az xəbər verir ki, bunu “Sumqayıt” və “Zirə”nin sabiq baş məşqçisi Samir Abasov deyib. 42 yaşlı mütəxəssis “Sumqayıt”da olarkən rəhbərliyi altında oynamış Vaqif Cavadovun onun barəsində dediyi “Samir Abasov bizə - azərbaycanlılara görə Samir Abasov olub, legionerlərə görə yox”, fikrinə münasibət bildirib.

 

Məşqçi “Sumqayıt”da millimizin sabiq oyunçusunu az müdafiə etmədiyini söyləyib: “Vaqifə deyən lazımdır ki, əgər sənə Samir Abasovdan sual verilmirsə, niyə onu ortaya soxursan? Məsələn, “Samir milliyə namizəddir, buna münasibətin necədir”, sualı verilər, sən də cavablandırarsan. Hamı tərifləyəsi deyil ki. Deyir ki, “Sumqayıt”da yerlilərə görə Samir Abasov olmuşam. Birincisi, Samir Abasov öz işinə görə tanınıb. “Zirə”yə getdim, orada alınmadı, bu, başqa söhbətin mövzusudur.

 

“Zirə”də 7 turda nə gözləyirdiniz ki? Mənim dövrümdə “Sumqayıt”da çıxış edən futbolçuları araşdırın görün, bizdən ayrılandan sonra aqibətləri necə olub? Bunu etsəniz, tutacağınız siyahı Vaqifin sözlərinə cavab olacaq. Onun özünə deyən lazımdır ki, “Sumqayıt”dan gedəndən sonra heç kimə lazım deyilsən. Bu cür adamlar olub, yenə də olacaq.

 

Vaqifi həmişə mətbuat önündə müdafiə etmişəm. Həmin Vaqif Cavadov özü gəlib təşəkkür etmişdi ki, Allah səndən razı olsun, məni bu cür müdafiə edirsən, bundan sonra da necə oynayacağımı görəcəksən. Bunları yadından çıxarmasın. Mənim adımı hər yerdə hallandırmasın, öz işi ilə məşğul olsun”.

 

Abasov keçmiş yetirməsinin vaxtilə “Sumqayıt”dan uzaqlaşdırılmasına da aydınlıq gətirib. O, Cavadovla aralarında hansısa problem yaşanmadığını vurğulayıb: “Vaqif “Sumqayıt”a gələndə komandada xeyli sayda futbolçu var idi. Mövsümün sonunda bir neçəsi ilə yollarımızı ayırdıq, amma Cavadovu komandada saxladıq. Getdikcə onunla bağlı bəzi məqamları bəyənmədim, mövsüm bitməmiş də komandadan göndərdim.

 

Rəhbərliklə danışdıq, qərara gəldik ki, bu futbolçu artıq bizə kömək etməyəcək. Buna görə məndən incikdir, ya yox, bilmirəm. Ümumiyyətlə, istənilən məşqçi hansısa futbolçunu müxtəlif səbəbdən komandasında görmək istəməyə bilər. Həmin futbolçu ayağını klubdan çölə qoyan kimi, sən o adam üçün olursan pis. Vaqifin də oyunu artıq ürəyimcə deyildi, eyni zamanda bəzi məsələlər var idi ki, üstünü açmaq istəmirəm.

 

“Sumqayıt”da komandam mexanizm kimi işləyirdi. Oradan qopan artıq bizdən biri deyildi. Vaqif də qopduğu üçün komandadan getdi. Amma həmin ayrılıqdan sonra onunla neçə dəfə üz-üzə gəlmişəm, isti münasibətlə mənimlə görüşüb. Mən əgər pisəmsə, o zaman da pis idim də” (apasport.az).

 

Vaqif Cavadov 2016-cı ilin əvvəlində “Sumqayıt”a keçən Vaqif Cavadov “gənclik şəhəri” təmsilçisində bir il çıxış edib.

Xəbər xətti