Tovuz və Gəncə Premyer Liqaya qalxırsa, bəs divizionun axırı nə olacaq? - QEYD

21:14 - 3 Mart 2020

PFL prezidenti Ramin Musayev son açıqlamalarında bir daha qeyd edib ki, gələn mövsüm Premyer Liqada komanda sayı mütləq artırılacaq. Onu da deyib ki, ola bilər 2 yox, lap 3 komanda qalxsın Premyer Liqaya. Konkret klub adları çəkilməsə də, hamı başa düşür ki, söhbət Gəncə, Tovuz, Zaqatala kimi bölgələrin futbol elitasına qaytarılmasından gedir. Bu, yaxşı haldı. Hətta deyərdik ki, gələcəkdə bu regionlardan başqa, daha 4-5 rayonun komandası Premyer Liqada olsa, futbolumuzun coğrafiyası genişlənər, kütləvilik təmin olunar.

 

Lakin Premyer Liqada say artımı ətrafında müzakirələr getsə də, nədənsə I Divizionun gələcəyi barədə danışan yoxdur. Görünən odur ki, əvəzedici heyətlərlə divizion klublarının ortaq çempionatı effekt vermədi. Artıq indidən əksər klubların nümayəndələri yenidən əvəzedicilərin ayrıca çempionatının keçirilməsinə tərəfdar olduqlarını dilə gətirməyə başlayıblar. Amma belə olacağı təqdirdə gələn mövsüm divizionda oynamağa komanda tapılmayacaq. Yəqin ki, AFFA-da əyləşən başbilənlər bu barədə düşünüblər, bəlkə hələ də düşünürlər. 

 

Çıxılmazlıqdan I Divizionun formatını elə olduğu kimi saxlamaq da olar. Ancaq bu, "baş aldatdı" liqası olacaq bir növ və heç bir real nəticəyə varmaq olmayacaq bu minvalla. Digər variant 8 komandalı divizion formalaşdırmaqdan ibarət ola bilər. Amma bu halda çox ciddi işlər görmək lazım gələcək. Artıq neçə ildi qumarın açıq bazarına çevrilən liqanı peşəkar, ciddi məqsədlərə uyğun qurmaq üçün yeni klublar yaradılmalı, onlara normal vəsait ayrılmalı, I Divizionda iştirak etmələrinə baxmayaraq, asta-asta akademiya və infrastrukturları olmalıdır ki, gələcəkdə Premyer Liqaya qalxanda, orada tab gətirsinlər. Təbii ki, asan iş deyil bunlar. Lakin indidən aşağıda köklü işlər görülməsə, bir neçə ildən sonra Premyer Liqaya getməyə yenə klublarımız olmayacaq. 

 

Həmid

Xəbər xətti